İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar təhlükəsizlik müstəvisinə keçdi – Pezeşkianın çağırışları böhranı dayandıra biləcəkmi?

3230 11.01.2026 18:20 Gündəm A A

İranda dərinləşən iqtisadi böhran və ard-arda baş verən etirazlar fonunda prezident Məsud Pezeşkian xalqa müraciət edib. Dövlət başçısı çıxışında etirazçı dükan sahibləri ilə hazırkı iğtişaş iştirakçılarını ayırmağa çalışsa da, verdiyi mesajlar ölkədə artan narazılığı azaltmaqdan çox, hakimiyyətin situasiyaya nəzarəti itirdiyini göstərir. İqtisadi tələblərlə başlayan etirazların təhlükəsizlik müstəvisinə keçirilməsi isə problemlərin mahiyyətindən yayınmaq cəhdi kimi qiymətləndirilir.

Musavat.com-un xəbərinə görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu bildirib ki, Pezeşkian xalqa son müraciətində ilk günlərdə haqlı tələblər irəli sürən etirazçı dükan sahibləriylə hazırkı etirazçıları fərqləndirib:

"Bazarların bağlanmasına və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssaslıqla yanaşdığını vurğuladı. Bu haqda o dedi: "Bazarları bağladılar, etiraz etdilər. Mən şəxsən daxili işlər, sənaye və ticarət nazirlərinə tapşırıq verdim ki, onlarla görüşsünlər. Daha sonra bu binada həmin sahibkarlarla özüm görüşdüm, qayğılarını dinlədik, razılaşmalar əldə etdik. Hökumət iclasında da onların narahatlıqları müzakirə olundu. Biz qəti qərara gəlmişik ki, bu insanların problemlərini mümkün olan hər yolla həll edək".

Doğrusu, dükan sahiblərinin həmin görüşdən və verilən vədlərdən razı qaldıqlarına dair məlumat yoxdur. Bir də ki, bu gün vəd verib, sabah həmin vəd yerinə yetirilməyəcəksə, rial sürətlə dəyərdən düşməkdə davam edəcəksə, dükan sahibləri və digər sahibkarlar yenə etiraz edəcəklər. Çünki vəd verməklə deyil, İran indiki siyasətlə sanksiyalardan qurtula bilməyəcək. Bu isə o deməkdir ki, ölkə iqtisadiyyatının dərin problemləri həll olunmayacaq".

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Məsud Pezeşkian müraciətinin ikinci hissəsində düşmənlərin mövcud iqtisadi çətinliklərdən sui-istifadə edərək ölkəni qarışdırmağa cəhd etdiyini vurğulayıb:

"Dövlət başçısı silahlı şəxslərin şəhərləri qarışdırdıqlarını və onların İrana aid olmadığını vurğuladı. Prezident vəziyyədən çıxış yolu kimi bunları deyib: "Xahiş edirəm, hər məhəllədə insanlar birləşsin və iğtişaşçılara imkan verməsinlər. Bizim vəzifəmiz xalqın narahatlığını aradan qaldırmaqdır, lakin daha ali vəzifəmiz bir qrup iğtişaşçının cəmiyyəti alt-üst etməsinə imkan verməməkdir. Ailələrdən xahiş edirəm, qoymayın gəncləriniz baş kəsən, adam öldürən bu terrorçulara qarışsınlar. Bir gecədə bankı, yanğınsöndürən maşını, ictimai nəqliyyatı, məscidi, insanların evini yandırmaq etiraz deyil".

GULUS.jpg (134 KB)

Ali dini lider iğtişaşları törədənlərə qarşı kəskin mübarizə aparılmasını tələb edib, başqa sözlə, onların öldürülməsi təlimatını verib. Prezident isə valideynləri övladlarını iğtişaşçılardan uzaq tutmağa səsləyib. Nə ali dini lider, nə də prezident bu çağırışlarla dərinləşən münaqişəni həll edəcək. Prezident ailələrdən xahiş edib ki, övladlarına nəzarət etsinlər. Bu, prezident səviyyəsində həm də onun etirafıdır ki, ölkə gəncləri etirazlarda fəal rol oynayırlar. Bəs prezident morqlarda övladlarını axtaran valideynləri necə sakitləşdirəcək? Görəsən prezident internetin kəsilməsiylə öldürülənlərin sayının artması barədə nə düşünür?"

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR