Venesuelada baş verən son hadisələrə Fransa Prezidenti Emmanuel Makronun münasibəti rəsmi Parisin əvvəlki mövqeyindən kəskin şəkildə fərqlənib.
Musavat.com xəbər verir ki, Makron açıqlamasında Venesuela xalqının bu gün Nikolas Maduronun diktaturasından qurtulduğunu bildirərək bunu “yalnız sevinclə qarşılanmalı bir hadisə” adlandırıb.
Fransa prezidenti vurğulayıb ki, hakimiyyəti zorla ələ keçirməklə və fundamental azadlıqları tapdalamaqla Nikolas Maduro öz xalqının ləyaqətinə ağır zərbə vurub. Makronun sözlərinə görə, qarşıdakı keçid prosesi dinc, demokratik olmalı və Venesuela xalqının iradəsinə hörmət prinsipi üzərində qurulmalıdır.
O, ümid etdiyini bildirib ki, 2024-cü ildə seçilmiş prezident Edmundo Qonsales Urrutia bu keçidi mümkün qədər tez və legitim şəkildə təmin edə biləcək. Makron həmçinin qeyd edib ki, hazırda Fransa regional tərəfdaşlarla sıx təmasdadır və qeyri-müəyyənlik şəraitində Venesueladakı Fransa vətəndaşlarının təhlükəsizliyi üçün tam səfərbərlik rejimində çalışır.
Musavat.com






