Nazar Holdings Gürcüstanda ilk rəsmi Ferrari avtosalonunun - Ferrari Tbilisi - açılışını Tbilisidə təntənəli mərasimlə həyata keçirdi.
Musavat.com xəbər verir ki, bu hadisə Gürcüstanın lüks avtomobil sektorunda mühüm mərhələ olmaqla yanaşı, ölkənin beynəlxalq premium brendlər üçün cəlbedici investisiya məkanı olduğunu bir daha nümayiş etdirdi.
Rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri Irakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, İqtisadiyyat və Dayanıqlı İnkişaf Naziri Mariam Kvrivishvili , dövlət qurumlarının nümayəndələri, iş dünyasının liderləri, xüsusi dəvətli qonaqlar və Ferrari həvəskarları iştirak ediblər.
Tədbirdə çıxış edən Baş nazir Irakli Kobaxidze Ferrari kimi qlobal brendin Gürcüstan bazarına daxil olmasının ölkədə mövcud olan sabit biznes mühitinin və beynəlxalq investorların etimadının göstəricisi olduğunu vurğulayıb:
“Ferrari kimi dünya miqyasında tanınan bir brendin Gürcüstana gəlişi ölkəmizin güclü iqtisadi potensialının və əlverişli investisiya mühitinin açıq sübutudur. Bu cür layihələr iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına və Gürcüstanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verir,” - deyə Baş nazir qeyd edib.
Tbilisi meri Kaxa Kaladze isə Ferrari Tbilisi-nin açılışının paytaxtın beynəlxalq səviyyədə inkişaf edən, müasir və açıq şəhər kimi mövqeyini daha da gücləndirdiyini bildirib:
“Tbilisi daim yeniliyə, keyfiyyətə və beynəlxalq əməkdaşlığa açıq bir şəhərdir. Ferrari Tbilisi-nin açılışı paytaxtımızın premium biznes və lüks sektorunda yeni bir səhifə açır,” - deyə mer vurğulayıb.
Nazar Holdings tərəfindən Ferrari-nin ən son qlobal korporativ identiklik standartlarına uyğun şəkildə yaradılmış Ferrari Tbilisi avtosalonu Ferrari-nin ən yeni model xəttini, Ferrari Approved sertifikatlı əvvəlcədən istifadə olunmuş avtomobilləri, fərdiləşdirmə imkanlarını, eləcə də zavod tərəfindən təlim keçmiş mütəxəssislər tərəfindən təqdim olunan satış və satışsonrası xidmətləri özündə birləşdirir.
“Ferrari Tbilisi-nin açılışı Nazar Holdings üçün qürurverici və tarixi bir hadisədir,” - deyə Nazar Holdings-in təsisçisi və sahibi Ali Nazar bildirib.
“Ferrari ehtirasın, mükəmməlliyin və kompromissiz performansın simvoludur. Bu brendi Gürcüstana gətirməklə biz ölkənin potensialına olan inamımızı və müştərilərimizə ən yüksək beynəlxalq standartlarda xidmət göstərmək öhdəliyimizi bir daha təsdiqləyirik”.
O əlavə edib:
“Bu avtosalon yalnız Ferrari üçün yeni bir ünvan deyil, eyni zamanda Gürcüstanda güclü Ferraristi icmasının formalaşması və regionda avtomobil mədəniyyətinin inkişafı üçün mühüm platformadır”.
Bu açılışla Ferrari və Nazar Holdings Gürcüstan bazarında uzunmüddətli əməkdaşlığa və yüksək səviyyəli müştəri təcrübəsinin təqdim olunmasına sadiqliklərini bir daha nümayiş etdirirlər.






