“Dəllallar danışdı: “Qiymətlər kəllə-çarxa çıxıb”
Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə bahalaşması insanların ev sahibi olmaq arzusunu getdikcə əlçatmaz edib. Bir tərəfdən ipoteka şərtlərinin çətinliyi, digər tərəfdən kirayə bazarındakı yüksək qiymətlər insanları çıxılmaz vəziyyətdə qoyub. Son günlər isə bazarda müəyyən ucuzlaşma olduğu barədə xəbərlər dolaşır.
Bəs vəziyyət doğrudan da dəyişib? Alıcı var, yoxsa bazarda tam durğunluq yaşanır?
Musavat.com məsələni yerində araşdırmaq üçün daşınmaz əmlak ofislərinə baş çəkib. Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən əmlak ofislərində müşahidə etdiyimiz mənzərə demək olar eyni idi — sakitlik, boş ofislər və müştəri gözləyən dəllallar.

İlk daxil olduğumuz ofisdə bizi qəribə sakitlik qarşılayır. Küncdə iki nəfər nərd oynayır, samovardan süzülən çayın qoxusu otağa yayılıb. Bizi görən kimi təəccüblə soruşurlar:
- Evlə maraqlanırsınız?
Jurnalist olduğumuzu biləndən sonra isə sanki dərdləşəcək adam tapıblarmış kimi danışmağa başlayırlar:
- Ay bacım, alıcı yoxdur, bazar ölüb. Görürsünüz də, oturub nərd oynayırıq. Yanvardan vəziyyət belədir. Nə gələn var, nə gedən. Əvvəl heç olmasa adam girib qiymət soruşurdu. İndi ona da həsrət qalmışıq.
Söhbətə qoşulan digər dəllal siqaretini yandırıb başını bulayır:
- Qiymətlər camaatı qorxudub. Evlərin qiyməti kəllə-çarxa çıxıb. Camaatda pul var ki, gedib ev alsın? Adamlar ay sonunu güclə çatdırır.
Soruşuruq: “Bəs deyirlər, yağışlardan sonra həyət evlərinin qiyməti düşüb?”
Makler əlini yelləyib gülümsəyir:
- O, həyət evlərinə aiddir. İndi villa alan yoxdur. Kommunal xərc adamı yandırır. İşıq, qaz, su pulu çox gəlir. Hamı bina evi istəyir. Ona görə də bina evləri baha qalır.
Sonra o, qalın dəftərini açıb qiymətlər göstərməyə başlayır:
- Bax, Qara Qarayevdə 3 otaq, 93 kvadrat ev 270-280 min manatadır. "Metroya yaxın olsun" deyirlər, qiymət lap artır. Elə orada 79 kvadratmetr ev var, kvadratı 3 min 240 manatdır, ümumi də 259 min edir. Hələ çıxarışı da yoxdur. Çıxarışlı olsa, qiyməti lap artır.
Makler eynəyini düzəldib dəftərin digər səhifəsini açır:
- Bunu da yaz. "Neftçilər" tərəfdə 3 otaqlı yeni tikili satılır. 134 kvadratmetrdir, 308 min manat istəyirlər. Kvadratı hardasa 2 min 300 edir. Bunun da çıxarışı yoxdur hələ.

Daha sonra başqa bir əmlak ofisinə yollanırıq. Burada isə ümumiyyətlə adam tapmırıq. İçəri boşdur. Ətrafdakılardan soruşuruq, deyirlər, yaxınlıqdakı kafedə oturublar. Kafeyə yaxınlaşanda bizi görüb özləri söhbətə başlayırlar:
- İş yoxdur, ay qızım. Ev alan yoxdur. Hamı gözləyir ki, bəlkə qiymətlər düşər.
Bir nəfər çayından qurtum alıb söhbətə qarışır:
- Kvadratı 2 min manat olan evə kim yaxın durar? Özümüz də utanırıq qiymət deməyə. Adam soruşur, deyirik, bu qədərdir, üzümüzə baxıb çıxıb gedir.
Başqa biri əlavə edir:
- Bir ara Rusiyadan gələnlər çoxaldı, bazar bir az canlandı. Onda alver gedirdi. İndi o da yoxdur. Camaat əsas yeni tikili istəyir, onlar da bahadır. Köhnə tikiliyə yaxın duran yoxdur. Qiymətlər belə getsə, bazar hələ çox dayanacaq”.
Məsələ ilə bağlı Musavat.com-a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib ki, inşaat materialları bazarındakı qiymət artımı, habelə şəhərsalma standartlarının sərtləşdirilməsi mənzilin maya dəyərini artıran faktorlardır: “Yaxın aylar üçün bazarda kəskin qiymət azalması gözlənilmir. Əksinə, yeni infrastruktur layihələrinin icrası və köhnə yaşayış binalarının yenilənməsi prosesi fonunda qiymətlərin mövcud yüksək həddini qoruyacağı və ya inflyasiya dərəcəsinə uyğun olaraq cüzi artım nümayiş etdirəcəyi proqnozlaşdırılır. Bir çox investorların sərbəst vəsaitlərini qorumaq məqsədilə çox sayda mənzil alaraq onları kirayə bazarına yönəltməsi, nəticə etibarilə həm satış, həm də kirayə qiymətlərinin süni və təbii artımına rəvac verir. Bununla yanaşı, 2026-cı ilin cənab prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsi bu sektora dövlət səviyyəsində strateji yanaşmanın göstəricisidir. Şərqi Zəngəzur və Qarabağdakı genişmiqyaslı bərpa işləri ilə yanaşı, Bakı və digər regionlarda şəhərsalma mövzusunun aktuallaşması bazarın perspektiv dəyərini artırır”.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com






