Dəm qazı az qala, hər həftə can almaqdadır. Sonuncu iki faciəvi olay ötən həftəsonu qeydə alınıb.
Goranboyun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb. Mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıbmış. Evinə çatdıqdan bir müddət sonra hamam otağına girib və dəm qazından boğularaq ölüb.
Tərtərdə isə ana və oğlu dəm qazından zəhərlənib. Rayon sakinləri 1973-cü il təvəllüdlü Müşfiq Əsəd oğlu Əzimov və anası - 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib. Hadisə nəticəsində Müşfiq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzin rəsmi məlumatına əsasən, təkcə, 2025-ci ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə səbəbilə 20 nəfər qəbul edilib. Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq əhaliyə dəm qazı ilə bağlı xəbərdarlıq edir.
Bu təhlükədən qorumaq üçün:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Kommunal xidmətlər üzrə ekspert, “Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov Modern.az - a açıqlamasında bildirib ki, yeni nəsil qaz təhlükəsizliyi barədə demək olar ki, məlumatsızdır:
“Kifayət qədər maarifləndirmə aparılmır. İnsan ölümü o qədər ucuzlaşıb ki, bir nəfərin həyatını itirməsi sanki adi bir hadisə kimi qarşılanır, “öldü, Allah rəhmət eləsin” və məsələ bağlanır. Halbuki hər bir belə hadisə ciddi araşdırılmalıdır: insan niyə öldü, nədən öldü, kim günahkardır, hansı cəza tətbiq olunmalıdır? Bunların hamısı kənara atılıb. Bu qədər etinasızlıq, bu qədər məsuliyyətsizlik olmaz. Qazla bağlı qanunlar var, standartlar var. Azərbaycan xalqı təxminən 90 ildir qazdan istifadə edir və bu sahədə kifayət qədər ciddi normativlər mövcud olub. Amma bu gün həmin qanunlar faktiki olaraq işləmir, hamısı arxivə atılıb. Kim harada istəyir, özündən “qanun” çıxarır. Qaz mina qədər təhlükəli maddədir. Boğulma riski var, zəhərlənmə riski var, yanğın və partlayış təhlükəsi var”.

Onun fikrincə, əhali də bilməlidir ki, qaz təhlükəsizliyinə görə məsuliyyət 50 faiz təchizatçıda, 50 faiz istehlakçının üzərindədir.
Bu günə qədər hansı istehlakçı təhlükəsizlik qaydalarını pozduğuna görə real məsuliyyətə cəlb olunub?
Bir nəfərin səhlənkarlığı nəticəsində bütöv bir bina, qonşular, uşaqlar, yaşlılar məhv olur. İllərlə yığılan əmlak, maşınlar yanır, insanlar uçqun altında qalır. Mən 1962-ci ildən bu sistemdə çalışmışam, 60 ildən çox bu sahədə can qoymuşam. O vaxt kontrollu idim, ayda ən azı 60 mənzili yoxlayırdım, profilaktik baxış keçirirdim. Orta texniki təhsilim vardı, sonra ali təhsil də aldım. İndi isə heç kim abonentin qapısını döyüb soruşmur ki, sən burada nə etmisən, qaz cihazının yerini dəyişmisən, yoxsa yox? Tüstü bacaları 30-40 ildir təmizlənmir. Əvvəllər yanğından mühafizə xidmətləri rübdə bir dəfə yoxlama aparırdı. İndi isə illərlə heç kim baxmır. Mən hələ də bilmirəm, tüstü bacalarının istismarına konkret hansı qurum cavabdehdir. Mənzillərdə mütləq qaz detektorları quraşdırılmalıdır. Bu ağıllı cihazlardır: qaz sızması olan kimi səs siqnalı verir və avtomatik olaraq klapanı bağlayır. İnsanlar bilməlidir ki, hamam otağının minimum həcmi 7,5 kubmetr olmalıdır, hündürlük isə ən azı 2 metr 20 santimetr. Sobanın quraşdırıldığı məkan isə 15 kubmetrdən az olmamalıdır. “İran peçi”nə gəlincə, sobalarda problem yoxdur, əksinə, çox ağıllı cihazlardır. Problem ondadır ki, bu cihazlar gətirilir, satılır, amma servis xidməti yoxdur. Halbuki istehsalçı zəmanət və texniki xidmət göstərməlidir. Təəssüf ki, burada bu mexanizm işləmir və nəticədə bütün məsuliyyət abonentin üzərində qalır”.
Nigar Həsənli
Musavat.com






