Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milli Təhlükəsizlik Xidmətini (MTX) ziyarət edərkən ölkənin silahlanma siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan silah alır, lakin əsas məqsəd bu silahlardan heç vaxt istifadə etməməkdir. O vurğulayıb ki, MTX öz imkanlarını inkişaf etdirməli, xüsusilə xüsusi təyinatlı qüvvələrini gücləndirməlidir. Bununla yanaşı, baş nazirin fikrincə, qurumun əsas missiyası güc tətbiqinə ehtiyac yaranmasının qarşısını almaqdır.
Paşinyan çıxışında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni də Milli Təhlükəsizlik Xidmətinin prioritet vəzifələrindən biri kimi qeyd edib və bu sahədə daha effektiv tədbirlərin görülməsinin vacibliyini bildirib.
Qeyd edək ki, Ermənistanda təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı sovet dövründən 20 dekabrda qeyd olunurdu. Lakin 2024-cü ildən etibarən bu tarix dəyişdirilərək 8 yanvar olaraq təsdiqlənib.
Musavat.com






