Ermənistanda bəzi mədəni kollektivlərə əsərlərinin adlarından "artsax" sözünün çıxarılması ilə bağlı daxili təlimatlar verilib. Musavat.com News.am-a istinadla xəbər verir ki, “artsax mədəniyyətinin qorunması mərkəzi” adlı separatçı QHT məlumatın etibarlılığını yoxlamaq üçün Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə rəsmi sorğu göndərib.
Rəsmi cavabda bildirilib ki, nazirlik və onun tabeliyindəki təşkilatlar mədəni əsərlərdən və ya tarixi və mədəni materiallardan "artsax" adının çıxarılması ilə bağlı heç bir yazılı və ya şifahi təlimat almayıblar. Eyni cavabda həmçinin, nazirliyə tabe olan müəssisələrdə “artsaxın simvolları”nın nümayiş etdirilməsinə qadağa qoyulmadığı qeyd olunub.
Lakin separatçı ünsürlərin QHT-si nazirliyin cavabına şübhə ilə yanaşıb. Təşkilat iddia edir ki, İrəvandakı Anuşavan Ter-Gevondyan musiqi məktəbində baş verən son hadisə buna nümunədir. Belə ki, sərgi-müsabiqə zamanı məktəb direktoru vəzifəsini icra edən şəxs pavilyondan şagirdlərdən birinin əllə çəkdiyi, üzərində Xankəndidəki “Bizim dağlar” ("Nənə-Baba") əsərini çıxararaq bunu dövlət əleyhinə hərəkət adlandırıb.
Aydınlaşdırma üçün QHT İrəvan bələdiyyəsinə də məktub ünvanlayıb. Buna cavab olaraq bələdiyyə hadisə ilə bağlı öz qiymətləndirməsini təqdim etmədən musiqi məktəbi direktorunun yazılı izahatını təqdim edib.
Separatçı QHT Ermənistanın dövlət orqanlarının “artsaxın mədəni irsinin qorunması” üçün müvafiq addımlar atmadığını qeyd edir və hakimiyyəti günahlandırır.
Göründüyü kimi, Paşinyan hökuməti mifik “artsax” ideyasına aid qondarma simvolları tədricən yığışdırır. Baş nazir bundan əvvəl də çıxışlarında “Qarabağ hərəkatı”na imkan verməyəcəyini deyib. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu de-yure reallaşdırması qalır.
Qeyd edək ki, "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb. Abidənin tikilişi üçün Xankəndidəki akasiya meşəsi qırılıb. Abidənin heykəltərəraşı Azərbaycan sakini, erməni mənşəli memar Sarqis Bağdasaryandır, memarı isə Səfi Qarayevdir.
Son günlər sosial şəbəkələrdə ermənilərin "Tatik-babik", yəni "Baba və nənə" adlandırdıqları Xankəndinin girişindəki "Biz və dağlar" abidəsinin sökülməsi barədə çoxsaylı çağırışlar edilir. Bəziləri "Baba və nənə"nin yerində Ermənistana gözdağı olaraq "Dəmir Yumruq" abidəsinin ucaldılmasını təklif etsələr də, çoxları bu abidənin Azərbaycana aid olduğu iddiasını səsləndirir. Ermənilər "Biz və dağlar"ı bəzi mənbələrdə Stepan Şaumyanın, bəzilərində Tiqranın simvolu kimi də təqdim edirlər.
Emil Salamoğlu
Musavat.com






