Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkəsinin Naxçıvanla maneəsiz əlaqəni təmin etməyə hazır olduğunu bəyan edib.
Paşinyan deyib ki, razılaşdırılmış şərtlər çərçivəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməyə hazırdırlar: “Biz Ermənistanda münaqişə məntiqindən kənara çıxmalı və normal, dinc atmosferə və düşüncə tərzinə doğru getməliyik”.
Bəs Ermənistanın Naxçıvanla maneəsiz əlaqəsi nə qədər tez bir zamanda reallaşa bilər? Bu bəyanatın arxasında real siyasi iradə varmı?
Mövzu ilə bağlı deputat Fazil Mustafa Musavat.com-a danışıb. O deyib ki, Ermənistan bu mövzuda hökumət səviyyəsində birmənalı şəkildə prosesin irəliləməsini istədiyini nümayiş etdirir: “Hər dəfə də vurğulayır ki, onların tərəfindən hər hansı maneçilik və ya ləngimə nəzərdə tutulmur. Xüsusilə Naxçıvan məsələsinin qabardılması onu göstərir ki, bu istiqamətdə müəyyən siyasi iradə mövcuddur". Fazil Mustafa qeyd edib ki, bu siyasi iradəni gerçəkləşdirmək üçün isə konkret addımlar atılmalı və real işlər görülməlidir: "Azərbaycan tərəfi öz üzərinə düşən işi artıq yekunlaşdırdığını dəfələrlə bəyan edib. Lakin eyni proses Ermənistan tərəfdə də başlamalıdır. Bunun üçün müvafiq mənbələr tapılmalı, eyni zamanda ABŞ da da bu sahədə prosesin irəliləməsi məqsədilə konkret addımlar atılmalıdır. Bu baxımdan, səsləndirilən fikirlər, ümumilikdə, bizi qane edən açıqlamalardır. Lakin əsas məsələ bu bəyanatların əməli addımlarla təsdiqlənməsidir. Məhz buna görə də bütün bu deyilənlərin praktikada həyata keçirilməsini səbirsizliklə gözləməliyik".
Xalidə Gəray
Musavat.com






