Türkiyə və Azərbaycan sərhədinə qədər uzanan dəmir yolu sahələri hazırda Rusiya tərəfinin konsessiya idarəçiliyindədir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 25 dekabr tarixində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər Rusiya bu sahələrin vaxtında bərpası ilə bağlı çətinlik görərsə və ya problemlə üzləşərsə, Ermənistan həmin xətləri yenidən ölkənin mülkiyyətinə qaytarmağa və dövlət büdcəsi hesabına bərpa etməyə hazırdır.
Paşinyan vurğulayıb ki, belə bir addım yalnız maneələr yarandığı halda gündəmə gələ bilər. O qeyd edib ki, ilkin mərhələdə Ermənistan üçün Tavuş bölgəsində, o cümlədən İcevan dəmir yolu stansiyası ərazisində bərpa işlərinə başlanması xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Ermənistan–Türkiyə sərhədində Axurik istiqamətində, eləcə də Yeraskhdan Naxçıvan sərhədinə qədər uzanan dəmir yolu xəttinin bərpası da prioritet hesab olunur.
Paşinyan ümidvar olduğunu bildirib ki, Rusiya tərəfi bu işləri mümkün qədər tez reallaşdıracaq. O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin ilə regionda baş verən müsbət dəyişiklikləri və onların Ermənistan–Rusiya münasibətlərinin, eləcə də Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın inkişafı üçün yaratdığı imkanları müzakirə edib.
Musavat.com






