Davosda başa çatan Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm mesajları diqqətlə izlənildi, ciddi reaksiyalar doğurdu.
Müharibədən sülhə keçidi real nəticələrlə təmin edən, enerji gücünü strateji üstünlüyə çevirən və ölkəsini Avrasiya məkanında etibarlı tərəfdaş kimi möhkəmləndirən Azərbaycan lideri Davos tribunalından dünya nizamının yeni konturlarına dair aydın və prinsipial mövqe ortaya qoydu. İlham Əliyevin çıxışı yalnız Azərbaycanın milli maraqlarının müdafiəsi deyil, həm də beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlara rasional və uzaqgörən baxışın ifadəsi kimi qarşılandı. Sülhün alternativsiz olduğunu vurğulayan Prezident bir daha göstərdi ki, Azərbaycan gücə söykənən ədalətli mövqeyi, balanslı diplomatiyası və strateji baxışı ilə qlobal dialoqun ayrılmaz iştirakçısına çevrilib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Musavat.com-a bildirdi ki, Davos platformasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə mərhələsindən strateji inkişaf mərhələsinə keçdiyini bir daha aydın şəkildə göstərdi:
“Çıxış regional və qlobal siyasi və iqtisadi münasibətlər sisteminə ünvanlanan prinsipial mövqenin ifadəsi idi. Azərbaycan-Ermənistan münaqişəsinin tarixə qovuşduğunu və sülh prosesinin real məzmun kəsb etdiyini vurğulamaqla Dövlət Başçımız regionda sabitliyin alternativsiz yol olduğunu dünyaya nümayiş etdirdi. Bu, Azərbaycanın ədalətə və hüquqa əsaslanan sülh modelini irəli sürdüyünün göstəricisidir.
Eyni zamanda, enerji sahəsində əldə olunmuş güclü mövqelərin iqtisadi diversifikasiya ilə tamamlanması çağırışı olduqca strateji yanaşmadır. Azərbaycanın enerji ixracatçısı, dayanıqlı və çoxşaxəli iqtisadiyyata malik dövlət kimi formalaşdığını göstərir. Regional əməkdaşlığın genişlənməsi ölkəmizin geoiqtisadi rolunu daha da gücləndirir”.
Deputat xatırlatdı ki, ölkəmiz 16 ölkəyə mavi yanacaq ixrac edir:
“Bu istiqamətdə davamlı nailiyyətlər əldə olunur. Xüsusilə, bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanın qlobal enerji bazarında gələcək illər üçün üst mövqeyə qərarlaşmasını təmin edəcək. Prezident İlham Əliyevin apardığı praqmatik, balanslı, müstəqil və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın Avrasiya iqtisadi məkanında fəal aktor, eyni zamanda beynəlxalq sülh təşəbbüslərinin etibarlı tərəfdaşı kimi təqdim edilməsi ölkəmizin artan nüfuzunun təzahürüdür. Qlobal güc balansı və yeni reallıqlar barədə səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan dünya siyasətində baş verən proseslərdə öz yerini qətiyyətlə müəyyən edən dövlətdir. Davosdan verilən mesajlar Azərbaycanın qlobal siyasi dialoqun aktiv iştirakçısına çevrildiyini bir daha nümayiş etdirdi”.
Cavanşir ABBASLI
Musavat.com






