İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor Rafiq Əliyevin elmi materialları və şəxsi əşyaları Azərbaycan Tarixi Muzeyinə təqdim edildi – FOTOLAR

1011 18.11.2025 23:55 Ölkə A A

Musavat.com xəbər verir ki, dünya şöhrətli alim, qeyri-səlis məntiq və süni intellekt sahəsində Azərbaycan elmini beynəlxalq səviyyədə təmsil edən professor Rafiq Əliyevin zəngin elmi irsinin bir hissəsi – onun şəxsi arxiv materialları və müxtəlif əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Bu hadisə ölkənin elm və mədəniyyət müstəvisində xüsusi qeyd olunan və yaddaşlarda dərin iz qoyan əlamətdar bir gün kimi dəyərləndirilir.

Tədbirin keçiriləcəyi tarixi məkan – Milli Azərbaycan Tarixi Muzeyi – bu dəfə yalnız bir təqdimat deyil, həm də Azərbaycan elminin öndə gedən şəxsiyyətinin irsi ilə zənginləşən bir görüşə ev sahibliyi etdi. Muzey dünya şöhrətli bir alimin şəxsi arxivini qəbul etməyə hazırlaşaraq sanki öz tarixində yeni bir səhifə açırdı.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq professor Rafiq Əliyevin elmi fəaliyyətinin Azərbaycan elminin qızıl səhifələrindən biri olduğunu vurğuladı. O bildirdi ki, təqdim olunan materiallar həm elmi, həm də mədəni baxımdan gələcək nəsillər üçün son dərəcə dəyərli mənbə rolunu oynayacaq və həmin irs yaxın vaxtlarda muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.

Daha sonra tədbirdə çıxış edən muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, xalq şairi Ramiz Rövşən, şair Rəfail Tağızadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, professor Lətafət Qardaşova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazım Kazımov, professor Əli Əmirli, dosent Fəridə Hüseynova, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, şair Kəmalə Abıyeva, yazıçı İlqar Əlifoğlu, hərbi həkim Azər Qasımov və digər qonaqlar alimin fəaliyyətindən söz açdılar.

Çıxışlarda vurğulandı ki, professor Rafiq Əliyev təkcə elmi bilikləri ilə deyil, həm də Azərbaycanı ABŞ-ın Corciya Dövlət Universitetində, Almaniyanın Zigen Universitetində, Şimali Kiprin Yaxın Doğu Universitetində, İranın Təbriz Universitetində və digər nüfuzlu elmi mərkəzlərdə layiqincə təmsil etməsi ilə beynəlxalq elmi ictimaiyyətin yüksək hörmətini qazanıb. Onun müəllifi olduğu 90-dan çox kitab dünyanın aparıcı universitetlərində dərs vəsaiti kimi istifadə olunur, yetişdirdiyi 200 fəlsəfə doktoru və 32 elmlər doktoru isə bu böyük məktəbin davamçılarıdır.

Tədbir iştirakçıları professor Rafiq Əliyevin dünya elminə – xüsusilə qeyri-səlis məntiq və süni intellekt istiqamətlərinə – verdiyi töhfələri yüksək dəyərləndirərək, akademik Lütfi Zadənin ona dediyi məşhur sözləri xatırlatdılar: “Sən elmdə yeni cığır açdın. Mütləq Nobel Mükafatı alacaqsan.”

Tədbirin bədii hissəsində Əməkdar artist, xanəndə Sevinc Sarıyeva, II Televiziya Muğam Müsabiqəsinin qalibi Güllü Muradova, kamança ifaçısı Mahir Quliyev, tarzən və tədqiqatçı Mehman Mikayılov musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatdılar.

Sonda professor Rafiq Əliyev çıxış edərək onun elmi irsinin qorunmasına göstərilən diqqət və dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinə, akademik Nailə Vəlixanlıya və muzey kollektivinə minnətdarlığını bildirdi.

Beləliklə, Azərbaycan elmi tarixinin daha bir önəmli günü – Rafiq Əliyev Günü yaddaşlara həkk olundu.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR