İnsanlara hürriyət, millətlərə istiqlal!

“Puldan korluğum yoxdur, iki təqaüd alıram” – 81 yaşlı “Moşu” ilə SÖHBƏT  

2496 08.01.2026 18:09 Son xəbər A A

“Bütün günü evdə oluram, istirahət edirəm. İş olmayandan sonra nə edə bilərəm ki?”

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, 81 yaşlı aktyor Valeh Kərimov deyib. O bildirib ki, sonuncu iş yeri Mingəçevir Dövlət Dram Teatrı olub və 6 aydır ki, oradan ayrılıb: “İndi ömrü birtəhər yola verirəm. Həyətə düşürəm, gəzirəm. İşsiz əlbəttə, çətindir, amma 82 yaşım var və mövcud durumla barışmışam. Ona görə də düşünürəm ki, ömrün bir hissəsində dincəlmək də lazımdır”.

Aktyor səhhətindən də bəhs edib: “Səhhətimdə heç bir problem yoxdur. Əvvəlki kimi cəld və qıvrağam. Mart ayında 82 yaşım olacaq. Pəhriz saxlamıram, idman etmirəm. Bu, Allahın mənə verdiyi ömür payıdır. Yağlı, yağısız nə istəyirəmsə, yeyirəm. İştaham da yerindədir”.

V. Kərimov 5 nəvəsinin olduğunu deyib: “Kiçik oğlumla bir evdə yaşayıram. Onun övladı ilə vaxtımı keçirirəm. İmkan olduqda teatra gedib, tamaşalara baxıram. Bu yaxınlarda teatra getdim və “Ovod” tamaşasını izlədim. İstedadlı gənclərimiz çoxdur. Bəzən seriallara gözucu baxıram və görürüəm ki, gənclərimiz istedadlıdır.

Amma ümumilikdə seriallara baxmıram. Çünki buna səbrim çatmır. Adam 300 seriyanı necə izləyə bilər axı. Ancaq tamaşaları izləməyi sevirəm. Deyirəm, kaş mən də filan tamaşada oynayardım”.

Valeh Kərimov sənət dostlarından da söz açıb: “Sənət adamları ilə əlaqə saxlayıram, görüşürük. Afaq xanımla zəngləşirik, nə o, nə də mən hər gün teatra gəlirəm. Mən Yeni Yasamalda yaşayıram, hər gün teatra gedə bilmirəm”.

Aktyor maddi çətinliyinin olmadığını bildirib: “Mən həm prezident təqaüdü, həm də yaşıma görə pensiya alıram. Bu barədə mənim şəxsən şikayətim yoxdur. Normal dolanıram. Ancaq teatrlarda gərək maaş yaxşı olsun ki, aktyorun güzəranı da yaxşı keçsin. Xüsusən əyalət teatrlarında maaş aşağıdır. Şəhərdə işləyən aktyorların seriala çəkilmək, pul qazanmaq şansı var, ancaq rayonlarda çalışan sənətçilər bundan kənarda qalıb. Onlar aşağı maaşla işləməyə məcbur qalıblar”.

Sənətkar yeni tamaşada oynamaq üçün təklif aldığını bildirib. Lakin o, hansı tamaşa olduğunu açıqlamayıb.

Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər “Bəxt üzüyü” filmində oynadığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR