İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazi adını “muzdlu”ya dəyişməyin, Ukraynada sizi “cənnət” gözləmir!

1566 29.12.2025 13:30 Yazarlar A A

Son vaxtlar Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlılarla bağlı xəbərlər artıb. Çox acınacaqlı haldır. Onsuz da bizim xalq tarix boyunca müharibələrdən, işğallardan, terrordan çox əziyyətlər çəkib, qurbanlar verib.

İndi də azərbaycanlıların Rusiyanın Ukraynaya qarşı müharibəsində canları, qanları bahasına iştirakını müşahidə etmək sıradan bir hadisə deyil. Bu, bir faktdır ki, artıq dördüncü ildir müharibə postsovet məkanında soydaşlarımızın ən çox yaşadığı iki ölkə arasında gedir. Rusiyada 2 milyondan artıq, Ukraynada yüz minlərlə azərbaycanlının yaşadığını bilirik. Bu mənada həmin ölkələrin vətəndaşları olan azərbaycanlıların da digərləri kimi hərbi mükəlləfiyyət daşıdığı üçün müharibəyə cəlb olunduqları bəllidir. Arzu edərdik ki, nə müharibə olardı, nə də azərbaycanlılar bütün digər millətlərin nümayəndələri kimi bu, mənasız və dəhşətli müharibədə zorən iştirak etmək seçimi – məcburiyyəti qarşısında qalmasınlar. Amma daha acınacaqlısı odur ki, Azərbaycan vətəndaşı olan bir sıra azərbaycanlılar könüllü şəkildə, özü də Rusiya tərəfdə döyüşməkdən ötrü cəbhəyə yollanıblar. Özü də onların sırasında Qarabağ müharibəsinin iştirakçılarının olması dəhşətli faktdır. Bu günlərdə əslən Qarabağdan olan, pəhləvan cüssəli bir həmvətənimizlə bağlı qara xəbəri üzüntü ilə oxudum. Təsəvvür edin, Azərbaycan torpaqlarının azad olunması uğrunda döyüşlərdə od-alovun içərisindən sağ-salamat çıxmış, ədalətli müharibədə Zəfər qazanmış ordunun əsgəri gedib Rusiyanın Ukraynaya qarşı ədalətsiz, işğalçı müharibəsində iştirak olur və həyatını itirir! Bu, dəhşətdir, nonsessdir, bəraət qazandırması mümkün olmayan hadisədir! Özü də bu kimi faktlar bir deyil, ən azı bir neçədir. Xüsusilə də qazi qardaşlarımızın şirin canını Rusiyanın işğalçı müharibəsinə qurban verməsi üzücüdür. Necə bu addımı atmaq olar?

Rusya-Ukrayna Savaşı: Sahadaki gerçekler

Bəli, bir çox hallarda azərbaycanlılar iş, gün-güzəran ardınca ayrı-ayrı ölkələrə, o cümlədən Rusiyaya yollanırlar. Bəzən Rusiya dövləti şirnikləndirici vədlərlə miqrantları orduya, müharibəyə, son nəticədə ölümü seçməyə cəlb edirlər. Dəhşətlisi odur ki, komandanlıq amansız müharibənin gedişində yaralananların bir çoxunu xilas etməyə maraqlı olmur. Heç şübhəsiz ki, bu barədə gizli təlimat verilib, dövlətin yükünü artırmamaq üçün nə yaralıları, nə də həlak olanları döyüş mövqeyindən çıxartmaq rentabelli sayılmır. Azərbaycan dövləti illərdir ki, Ermənistan tərəfindən əsir, girov götürülmüş, itkin düşmüş 4 min vətəndaşı ilə bağlı tələblərini beynəlxalq müstəvidə mütəmadi şəkildə səsləndirir, bir gün də olsa, bu məsələni unutmur. Amma baxın, Rusiya 4 ildir apardığı müharibədə itkin düşən hərbçiləri ilə bağlı statistikanı açıqlayıbmı? Heç verdiyi itkilərin sayını da şəffaf şəkildə elan etmir, yalnız beynəlxalq səviyyədə rəqəmlər səslənir: 1 milyonu ötüb! Elə bu sətirləri yazdığımız zaman Kiyevdəki mülki yaşayış binalarını hədəfə alıb, uşaqların, qadınların ölümünə bais olan Rusiya üçün insan öldürmək su içimi kimi adi işdir. Belə olduğu təqdirdə bu ölkə üçün fərqi yoxdur, azərbaycanlı onun vətəndaşıdır, yoxsa...

Miqrantlara qarşı qanunları son illərdə kifayət qədər sərtləşdirdilər, hətta Rusiyaya səfər etmək istəyənlərə anket sorğuları ünvanlanır, dil bilikləri sorğulanır. Rusiyaya işləməyə, bu ölkənin yükünü daşımağa, büdcəsinə əlavə vəsaitlər qazandırmaq üçün gedənlərə minnət qoyurlar. Amma nədənsə müharibəyə qatılanların dil biliklərini yoxlamağa ehtiyac duymurlar, “yox, sən rus dilini bilmirsən, ona görə də döyüşlərə yararlı deyilsən”, demirlər. Çünki demoqrafik problemlər içərisində vurnuxan Rusiyaya əsgər lazımdır, “ət maşınından keçirmək üçün”.

Rusya-Ukrayna Savaşı'nda Simetrik ve Asimetrik Mücadele, Dış Politika Murat  Aslan | Kriter Dergi

Torpaqlarımızın işğal altında olduğu illərdə mətbuatda “daha bir əsgərimiz atəşkəsin qurbanı oldu” sərlövhəli xəbərlər ürəyimizi göynədirdi, itkilər bir yandan, torpaqlarımıza qayıda bilməməyimiz də üstəlik...Amma indi bəlkə də hər gün “daha bir azərbaycanlı” Rusiyanın ədalətsiz müharibəsində canından olur...Biz hələ dəqiq statistikanı bilmirik, amma təkcə itkin düşən azərbaycanlıların sayının 1000-1500 arasında olduğu deyilir. Keçən ilin sonlarında itkin düşən həmvətənimizdən yalnız bir il sonra “qara kağız” gəlirsə, mənzərəni təsəvvür edin. Adamlara yaxşı gələcək vəd edib, müharibəyə aparan çevrələr də var heç şübhəsiz. Necə ki, Suriyadakı vətəndaş müharibəsinə qatılan azərbaycanlılar var idi, onlara “cənnət vəd olunmuşdu”. Amma cəhənnəm oduna öz ailə-uşağı ilə qatılan azərbaycanlıların qəbir yerləri belə məlum olmadı. Sonradan onların ailə-uşağının vətənə gətirilməsi üçün dövlət nə qədər çətinliklərdən keçməli oldu. Suriyada döyüşən muzdluların sağ qalanları da ən ağır cəzalara məhkum olundular. Kəsəsi, muzdlu muzdludur, onlar bütün hallarda Azərbaycan qanunlarını pozurlar və sağ qayıdacaqları təqdirdə, hüquq müstəvisində cəzalandırılacağı şübhəsizdir. Rusiya-Ukrayna müharibəsində döyüşmək fikrinə düşənlər ciddi şəkildə düşünsünlər və daşı ətəklərindən atsınlar, özlərini bədbəxt edib, ailələrini gözüyaşlı qoymasınlar! Bir müddət öncə Ukraynaya qarşı müharibədə qollarını və ayaqlarını itirmiş azərbaycanlının uzun müddət Rusiya vətəndaşlığını ala bilməməsi barədə material yayıldı. Barmaq izi guya ala bilmədiklərinə görə ona ilk olaraq vətəndaşlıq verə bilməcəyini demişdirlər. Vətəndaşlığı bu ilin yazında uzun ictimai müzakirələrdən sonra ala bildi. Müharibəyə qoşulanlar və belə bir niyyəti olanlar həmin azərbaycanlının taleyini göz önünə gətirsinlər! Dinc dövrdə Ukrayna ölkələr arasında “cənnət” kimi xarakterizə olunanlardan idi. İndi Rusiya oranı cəhənnəmə çevirib, orda cənnət axtarmayın, lütfən!

Prezident ukraynalı jurnalistə - "Heç vaxt işğalla barışmayın"

Azərbaycan Prezidentinin ukraynalı jurnalistə dediyi “heç vaxt işğalla barışmayın”, deməsini unutmamısınız yəqin. Bu, dövlət başçımızın çoxları üçün nümunə olan ədalətli mövqeyi, cəsarətli çağırışı idi. Azərbaycan xalqı və dövləti işğaldan o qədər əziyyətlər çəkib ki...Bütün bunlardan sonra həmvətənlərimiz necə özlərinə rəva bilirlər ki, işğalçının köməyinə can atırlar? Ölkənin rəhbərinin ali iradəsinə qarşı çıxış etməyin özü də qəbulolunmazdır! Azərbaycan və Rusiya arasında münasibətlər ikitərəfli, beynəlxalq hüquqa istinadən tənzimlənir. Dövlətimiz nə Rusiya, nə də Ukraynaya hər hansı hərbi yardım göstərmir, belə bir niyyəti də yoxdur. Əksinə, savaşın dayandırılması, sülhün əldə  olunması üçün əlindən gələni edir, müharibənin acı nəticələrinin aradan qaldırılması üçün humanitar yardımlarını əsirgəmir. Belə olduğu təqdirdə vətəndaşımızın “başını götürüb”, müharibəyə getməsi dövlətimizin maraqlarına, ədalətli mövqeyinə qarşı çıxmaqdır. Bu müharibə kimsəyə xoşbəxtlik vəd etmir, nə ərazilərinin xeyli hissəsi işğal altında, milyonlarla əhalisi didərgin olan Ukraynaya, nə də yüz minlərlə hərbçi, yüz milyardlarla maliyyə itkiləri hesabına Ukrayna torpaqlarını ələ keçirən Rusiyaya. İki slavyan dövləti bir gün barışacaqlar, buna da şübhə yoxdur, əbədi müharibə olmur. Belə olduğu təqdirdə, Azərbaycanın hansısa vətəndaşının, xüsusən də Qalib Ordumuzun əsgəri olmuş qardaşlarımızın bu, ədalətsiz savaşda nə işi?! Bu, bizim müharibə deyil, heç bir halda! Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun bu sözlərini qəribçiliyə salmaq lazım deyil: “Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız “şəhid” deyil, onları təşviq edənlər genefondumuza zərbə vururlar”. Bəli, şəhid anlayışı Rusiyanın Ukraynadakı ədalətsiz müharibəsinə heç cür uyğun deyil, odur ki, Donbas uğrunda müharibədə “cənnətə düşəcəklərini” zənn edənlərin ayılmaları lazımdır!

Acınacaqlısı həm də budur ki, hər iki ordunun tərkibində minlərlə azərbaycanlı var. Bəlkə də bəzi hallarda elə soydaş və həmvətənlərimizin atdığı güllələr bir-birinə dəyir, qardaş qatili olurlar! Xüsusən də 44 günlük Vətən müharibəsində iştirak edənlərin 4 illik Rusiya-Ukrayna müharibəsindən “qara xəbər”inin gəlməsi ağır faciədir. Qazilərimizin bu ədalətsiz savaşa qatılması heç bir halda qəbuledilən deyil! Cəmiyyətin bu məsələyə reaksiyasına ehtiyac var, ölkənin nüfuzlu şəxsləri, ziyalıları, siyasətçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, din xadimləri də bununla bağlı mövqelərini bildirməlidir, bu seçim birmənalı şəkildə qınanmalıdır!  Bəli, işğalçı müharibədə iştirak Qazi adına həqarətdir! Azərbaycan hüquq-mühafizə orqanları muzdluluğa  görə sanksiyalarını və siyasətini sərtləşdirməlidir. Bu müharibəyə cəlb olunanlar isə bilməlidir ki, muzd qarşılığında döyüşlərə qatıldıqlarına onları cinayət məsuliyyəti gözləyir. Əgər yanlış yoldan çəkinməsələr, onları Vətəndə də yaxşı heç nə gözləməyəcək! Belələri dövlətimizin güzəşt və imtiyazlarından yararlana bilməyəcəklər! Təsəvvür edin, iftixarla QAZİ adını daşıyanlar günün birində sağ qayıtsalar, MUZDLU və MÜTTƏHİM adları ilə çağırılacaqlar! Gül kimi ad-sanlarına xələl gətirənlər düşünsünlər!
AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü... | Modern.az

Bu günlərdə Rusiya səmasında vurulmuş mülki təyyarəmizdə şəhid olanlarımızın xatirəsini anırıq. Üstündən bir il sonra Rusiya heç nəyə baxmadan cinayət işinə xitam verdi, nə kompensasiya ödədi, nə cinayətkarları cəzalandırdı. Bütün dünyanın gözü qarşısında törədilən cinayəti ört-basdır etməyə çalışır bu ölkə. Bu, hər bir azərbaycanlının heysiyyatına toxunmaqdır! Şəhidlərimizin doğmaları gözüyaşlı qalıb...Hələ Rusiyada işgəncə altına qətlə yetirilən Səfərov qardaşları və bu kimi dəhşətli faktlar...Bütün bunlardan sonra hansısa azərbaycanlı, xüsusən də qazimiz necə gedib Rusiya ordusuna qoşula bilər?!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR