Qonşu İranda nisbi sakitlik olsa da, ətrafında gərginlik davam edir. Xüsusən də ABŞ-ın İran planları ilə bağlı müzakirələr səngimək bilmir. Belə fikir var ki, rəsmi Tehrana qarşı bir neçə şərt irəli sürmüş Birləşmiş Ştatlar onlara əməl edilməyəcəyi təqirdə hansısa mərhələdə İrana mütləq zərbə endirəcək. Hara, necə, hələ ki, bütün bunlar qeyri-müəyyəndir.
Bu arada "Fars" xəbər agentliyi misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi yük təyyarəsinin İrana endiyi barədə məlumat yayıb. “Pekin və Tehran arasında strateji əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını göstərən bu əməliyyat bu qədər qısa müddətdə indiyə qədər qeydə alınan ən böyük transferdir", - məlumatda bildirilib.
Qeyd olunub ki, Çin “Y-20 Kunpeng” kimi ağır strateji nəqliyyat təyyarələrindən istifadə etməklə sürətli şəkildə vacib hərbi texnika və ya personal yerləşdirmə əməliyyatı aparır.
Bu məlumatlar nə dərəcədə səhih sayıla bilər. Çin İran rejiminə hansı silahları və ya sistemləri ötürə bilər və bu rejimə nə dərəcədə kömək edəcək?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəməov Musavat.com-a bildirib ki, Çin İrana hava hücumundan müdafiə sistemləri, Q-9 / HQ-22 tipli sistemlər, radarlar, erkən xəbərdarlıq texnologiyaları ötürə bilər: "İstisna deyil ki, artıq həmin sistemlər İrana verilib.
Çinin verdiyi və verəcəyi silahlar İranın nüvə obyektlərini, raket bazalarını və strateji şəhərləri qorumaq qabiliyyətini artırır. Həmçinin ABŞ və İsrail üçün hava əməliyyatlarını daha riskli və çətin edir. Ballistik və qanadlı raket texnologiyası, yanacaq texnologiyaları, dəqiqlik sistemləri, raket komponentləri də verilə bilər ki, bunlar da İranın artıq mövcud raket arsenalının dəqiqliyini və etibarlılığını yüksəldir. Çin çox güman ki, İrana hazır raket yox, texnologiya və komponentlər ötürər. Çinin optik və rabitə avadanlığı, süni intellekt elementləri isə İran dronlarının keyfiyyətinin yüksəldilməsində mühüm amil rolunu oynaya bilər”.
Ekspertin sözlərinə görə, Çin İrandan neft alır, əvəzində isə ikili təyinatlı texnologiyalar verir. Bu isə İrana qarşı olan sanksiyaların təsirinin zəiflədir: “Çin üçün İran müttəfiq yox, iqtisadi-ticarət partnyorudur. Pekin İranı anti-ABŞ kartı kimi istifadə edir. Çinin İrana yardımları İranın ayaq üstə qalmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda İranın hərbi zərbələrə qarşı müdafiə qabiliyyətini gücləndirir”.
Etibar Seyidağa,
Musavat.com






