Ötən gün dünyasını dəyişən Xalq artisti Rasim Balayevin sinif yoldaşı Vidadi Babayev Musavat.com-a açıqlama verib.
Sənətkarla vida mərasiminə gələn Vidadi Babayev bildirib ki, onlar Ağsu şəhərindəki orta məktəbdə 10 il bir sinifdə təhsil alıblar.
Həmsöhbətimizin dediyinə görə, onlarla birgə daha iki sənətkarımız - Xalq artistləri Səməndər Rzayev və Mikayıl Mirzə də eyni məktəbi bitiriblər. Dediyinə əsasən, Rasim Balayevlə Mikayıl Mirzədə sənətə marağı Səməndər Rzayev yaradıb.
Vidadi Babayev Rasim Balayevin məktəbdə seçilən şagirdlərdən olduğunu, radio qovşağında şeirlər səsləndirdiyini deyib. Ağsu aşırımında birgə velosiped sürdüklərini, maraqlı günlər keçirdiklərini deyən Vidadi müəllim Rasim Balayevlə qonşu olduqlarını bildirib. Vaxtilə Təhsil Nazirliyində çalışmış Vidadi Babayev mərhum dostu ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Rasim Balayev əbədi yaşayacaq.
Videosöhbəti Musavat.com-un izləyicilərinə təqdim edirik:
Elşad Paşasoy,
Musavat.com






