İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rza Pəhləvi ilə Robert Köçəryanın fərqi yoxdur” – Şahın oğlu niyə təhlükəlidir?

1385 12.01.2026 18:32 Gündəm A A

Araşdırmaçı-jurnalist, haqqin.az saytının qurucu rəhbəri Eynulla Fətullayev sosial media hesabında İran vəliəhdi Rza Pəhləvi ilə bağlı paylaşımında Azərbaycan ictimai rəyində formalaşmış mənfi yanaşmanı tənqid edərək, onu yanlış narrativ və stereotip adlandırır.

Fətullayevin fikrincə, Rza Pəhləvinin atasının – Məhəmməd Rza şahın – siyasi irsinə görə avtomatik şəkildə ittiham olunması nə tarixi, nə də əxlaqi baxımdan əsaslıdır. O, övladların atalarının günahlarına görə mühakimə edilməsinin yanlış olduğunu vurğulayır və Rza Pəhləvinin dünyəvi, qərbyönlü, islahatçı İran modeli üçün real alternativ ola biləcəyini önə çəkir.

Sitat: “Ümumiyyətlə, biz azərbaycanlılarda qəribə bir xüsusiyyət yaranıb - övladları atalarının, hətta babalarının günahları, səhvləri və ya cinyayətlərinə görə mühakimə edirik. Birincisi, aksiomdur ki, heç bir övlad atasının əməlinə və ya siyasətinə cavabdehlik daşımır. İkincisi, gəlin tarixə müraciət edək. Uzağa getməyək, elə Şimali Azərbaycana bir vaxtlar hakimlik etmiş Romanovlar sülaləsinin taxtının təzadlı tarixinə nəzər yetirək. Məsələn, Rusiya irticasını təcəssüm etdirən, ən boz və despotik çar Birinci Nikolayın oğlunun şəxsiyyətini və tarixdə oynadığı rolu xatırlayaq. Despot Nikolayın oğlu kim olub? İslahatçı çar, rus kəndlisini quldarlıqdan azad etmiş, Rusiyaya azadlıqlar bəxş etmiş İkinci Aleksandr. Mürtəce ata-çardan sonra mütərəqqe monarx-övlad taxta qalxdı… Və yaxud əksinə. Birinci Pyotr kimi dahidən sonra boz Birinci Yekaterina Romanovların üz qarası oldu…Yəni babasının və ya atasının məsuliyyətini niyə Rza Pəhləvi daşımalıdır?!

Həm də, Rza Pəhləvi uşaqlıqdan Amerikada parlaq təhsil alıb, sonra ABŞ hərbi-hava qüvvələrində xidmət edib, hər zaman vətəni İrana sadiq olub. İran-İraq müharibəsi başlayandan sonra atasını taxtdan devirmiş hökumətə - siyasi düşmənlərinə müraciət edib, İrana dönmək, orduya könüllü qatılmaq, savaşda iştirak etmək istəyini bildirib. Çox cəsarətli addım atıb! Hər oğlun, hər şahzadənin işi deyildi! Amma eyni zamanda İran hakimiyyətini ardıcıl tənqid edib, Xomeyni hökumətinin devrilməsi uğrunda mübarizə aparıb… Onilliklər ərzində yolundan dönməyib, qorxmayıb, atasının və babasının irsinə xəyanət etməyib.

Ailəsinə, sülaləsinə, vətəninə sadiq olub. Azərbaycan cəmiyyətində çəxsən Rza Pəhləviyə qarşı olan qıcığı, nifrəti, inkarı anlaya bilmirəm. Niyə dünyəvi, sivil, qərbyönlü İranı təcəssüm etdirən bu savadlı, proqressiv və parlaq şəxs hakimiyyətə iddialı ola bilməsin?!”

Bu yanaşma xüsusilə Güney Azərbaycan məsələsinə həssas yanaşan çevrələrdə ciddi polemika doğurur.

Bəs Güney Azərbaycan ideyasını təmsil edən, xaricdə yaşayan fəalların Rza Pəhləvi və onun mümkün siyasi rolu ilə bağlı mövqeyi nədir? Onlar Pəhləvini İranın gələcəyi üçün şans, yoxsa Güney Azərbaycanın milli hədəfləri baxımından risk hesab edirlər?

b276ba6bad233f51f69bb697f0de3033.jpg (64 KB)

Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri, türkoloq alim Məhəmməd Rza Heyət Musavat.com-a açıqlamasında bildirib ki, İranda əhali 1979-cu ildən öncəki dövrə yenidən qayıtmaq istəmir:

“Şah rejiminin yenidən bərpa olunmasını istəyənlərin sayı çox azdır. Bu azlıq isə məcburiyyətdən Rza Pəhləvini dəstəkləyir. Onlara bir adam lazımdır ki, onun vasitəsi ilə molla rejimini devirsinlər. Güney Azərbaycan milli hərəkatında Rza Pəhləvinin tərəfdarı yoxdur. Belə adamlar barmaqla sayılacaq qədər azdır. Onu da deyim ki, Rza Pəhləvinin özünün də İranın gələcəyi ilə bağlı ciddi planı, proqramı yoxdur. Onun hazırkı fikirləri daha çox diktatorluğa istiqamətlənib. Onun şüarlarında demokratiyadan və insan haqlarından söhbət belə getmir. Buna görə də Rza Pəhləvinin İranın gələcəyində bir rol oynayacağına inanmıram. Bu baxımdan Eynulla bəyin fikirlərinə qatılmıram, Rza Pəhləvi Güney azərbaycanlıları üçün böyük təhlükədir. Ona görə də İrandakı azərbaycanlılar təmkinli davranırlar. Bizim üçün təkcə rejimin yıxılması önəmli deyil, ondan sonra qurulacaq sistem daha önəmlidir. Əgər orada Rza Pəhləvi rol alacaqsa və keçmiş şah sistemi bərpa olunacaqsa, Güney Azərbaycan buna qarşı çıxacaq. Bu gün cənubdan olan azərbaycanlıların prinsipi belədir: “nə şah, nə də şeyx”.

9f9e8ab8639894c043c22bcc32228700.jpg (56 KB)

Günaz.TV-nin rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı saytımıza bildirib ki, Rza Pəhləvinin İranda hakimiyyətə gəlmə şansı çox aşağıdır. Onun sözlərinə görə , Pəhləvi rejimi qeyri-fars millətindən olanlara qarşı təqiblərlə yadda qalıb:

“Fars bölgələrində də farsların əksəriyyəti Pəhləvini istəmir. Pəhləvini istəyənlər şah dövründə yaşayan və sonra xaricə qaçan şəxslərin övladlarıdır.

Azərbaycan xalqının cəlladı Rza şah və onun oğlu Məhəmməd Rza şahdır. Farslıq sistemini və şovinizmi, fars faşizmini ideologiyaya çevirən Pəhləvi sülaləsidir. 1946-cı ildə Azərbaycanda 25 min azərbaycanlını 3 günün ərzində Pəhləvi sülaləsi qətlə yetirdi. İran tarixində ilk dəfə Azərbaycan dilində olan kitabları yığıb yandırmaq da bu sülalənin dövrünə düşür. 1946-1957-ci illərdə ana dilimiz qadağan olundu. Bu dildə məktəbdə danışan uşaqları cəzalandırdılar. Sistemli şəkildə azərbaycanlıların əleyhinə lətifələr quraşdırıb bizi təhqir edirdilər. İnsanları öz kimliklərindən utandırmaq istəyirdilər.

Doğrudur, Rza Pəhləvi sülaləsinin səhvlərinə görə məsuliyyət daşımır. Lakin bir məsələ də var, axı o, atasının heç bir səhvini qəbul etmir və babasının bütün işlərini dəstəkləyir. Onların apardığı siyasəti – farsçılığı və mərkəzçiliyi özünə nümunə kimi qəbul edir. Bu qədər ABŞ-də yaşamasına baxmayaraq, demokratiyanın birinci prinsipini – “insanlar, millətlər bərabər hüquqa malikdir” fikrini qəbul etmir. Azərbaycan türkcəsində danışmağı və təhsil almağı qəbul etmir. Bizim xalqımızın düşməni olan adamı niyə gündəmdə saxlayaq? Rza Pəhləvi ilə Robert Köçəryanın fərqi yoxdur.

146fc45f14d30e0fa3e533d9bab96c14.jpg (106 KB)

İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin hesab edir ki, Rza Pəhləvi demokratiya üçün böyük təhlükədir:

“Pəhləvilər sülaləsi 1946-cı ildə 30 minə yaxın azərbaycanlını qətlə yetirdi, 10 mindən çox insan didərgin düşdü. Biz bunu unutmamışıq. Kitablarımızı yandırdılar. Azərbaycanlılara qarşı milli soyqırımı oldu. Rza Pəhləvi də atasının, babasının yolu ilə gedəcək. O, atası ilə fəxr edir. Halbuki atası qan qusduran və diktator olub. Bu baxımdan Rza Pəhləvi İran üçün böyük təhlükədir”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR