İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh Şurasındakı MDB liderləri hədəfdə

1037 25.02.2026 11:00 Siyasət A A

Kreml nəzarəti altında olan media resursları vasitəsilə Vaşinqtondakı tədbir iştirakçılarını qaralayır

Rusiya Vaşinqtonda  keçirilmiş Sülh Şurasının ilk iclasında Cənubi Qafqazın (İlham Əliyev və Paşinyan)  və Mərkəzi Asiya ölkələrinin liderlərinin (Qazaxıstan və Özbəkistan prezidentləri) iştirakına sancılı münasibət bildirməkdə davam edir.

Məlumdur ki, Rusiya prezidenti Trampa təklif etmişdi ki, ölkəsinin dondurulmuş aktivlərindən Sülh Şurasına 1 milyard dollar ayırmağa hazırdır. Amma ABŞ lideri bu təklifə heç bir reaksiya vermədi. Belarus prezidenti də Trampın sədrlik etdiyi şuraya üzvlük üçün dəvət gözləsə də, ona da diqqət edilmədi. Həm də bu səbəbdən Kreml nəzarəti altında olduğu media resursları vasitəsilə həm Vaşinqtondakı tədbiri, həm iştirakçı ölkələri hədəf alıb, hətta Putinin yaxın müttəfiqləri sayılan Özbəkistan və Qazaxıstan prezidentlərinin Trampla şəklinə “vassal” sərlövhəsi yazıblar...

Keçmiş SSRİ respublikalarının Vaşinqtonda keçirilən Sülh Şurası toplantısında iştirakı Moskvanın narazılığına səbəb ola biləcək bir neçə strateji amillə bağlıdır: Rusiya postsovet məkanını tarixən öz təhlükəsizlik və siyasi təsir zonası hesab edir. Bu region ölkələrinin ABŞ təşəbbüslü platformada fəal iştirak etməsi Kremlin baxışına görə, həmin dövlətlərin Qərb orbitinə yaxınlaşması kimi qiymətləndirilir. Bu isə Moskvanın regional nüfuzunun zəifləməsi siqnalı sayılır. SSRİ dağıldıqdan sonra Moskva müxtəlif inteqrasiya layihələri - məsələn, Avrasiya İqtisadi Birliyi və KTMT kimi strukturlar vasitəsilə keçmiş sovet respublikalarını öz orbitində saxlamağa çalışıb. Bu ölkələrin yeni ABŞ platformasında görünməsi həmin layihələrə alternativ siyasi mərkəzlərin formalaşması kimi şərh olunur. Postsovet ölkələrinin belə tədbirlərdə iştirakı təkcə diplomatik addım deyil, həm də simvolik jestdir. Bu, beynəlxalq ictimaiyyətə onların xarici siyasətdə daha müstəqil kurs götürdüyü mesajını verir. Moskva üçün isə bu, “loyallıq itkisi” siqnalıdır. Toplantıda Qəzza ilə bağlı beynəlxalq qüvvə yaradılması ideyasının müzakirəsi xüsusilə həssas məsələdir. Rusiya postsovet dövlətlərinin ABŞ-nin təşəbbüsü ilə formalaşan hərbi-siyasi mexanizmlərdə iştirakını potensial təhlükə kimi görür. Çünki bu, gələcəkdə həmin ölkələrin Qərb təhlükəsizlik arxitekturasına inteqrasiyasına yol aça bilər.

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynadakı “məsələsi”  davam etdikcə, postsovet məkanındakı ənənəvi müttəfiqləri bir-bir sıradan çıxarılır. Ermənistan və Azərbaycana gəldikdə, aydın görünür ki, Moskvanın geosiyasi orbitindən tez bir zamanda uzaqlaşmaqda, yeni istiqamətlərə üstünlük verməkdə qərarlıdırlar.

ABŞ Rusiya üçün ən həssas, habelə ənənəvi təsir dairələrinə malik olan Cənubi Qafqaz və Mərkəzi Asiyada nüfuzunu artırmaqda qətiyyətli davranır. Rusiya öz təsirini nə qədər qorumağa çalışsa da, Cənubi Qafqazda dəyişən güc balansı enerji yollarının köklü şəkildə yenidən qurulmasına gətirib çıxarır. Regionun Avropa ilə Asiya arasında strateji yol ayrıcı kimi rolu əvvəlkindən daha çox diqqət çəkir".

Deputat onu da qeyd etdi ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırır: “Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh, həmçinin Ermənistanın Çin və Orta Asiyadan Avropaya Rusiyadan yan keçərək uzanan Orta dəhliz ticarət və enerji marşrutuna daxil edilməsinə imkan verəcək. Azərbaycan sürətlə Qərbin enerji təchizatçısına çevrilir, Türkiyə və ABŞ ilə güclənən müttəfiqliyin şahidiyik. Habelə, cənab Prezident İlham Əliyevin Rusiyanın Kiyevdəki Azərbaycan səfirliyinə qəsdən raket hücumu ilə bağlı son açıqlamaları mövqeyimiz baxımından olduqca izahedicidir. Deməli, bu hadisənin yenidən təkrarlanması fonunda Rusiya ilə tarixi əlaqələrin fundamental şəkildə yenidən qiymətləndirilməsi gedir. Ermənistana ixrac edilən məhsullar, onun tək təchizatçı asılılığından azad olması siyasi manevr imkanlarını da genişləndirir. Baxmayaraq ki, Ermənistanın Rusiyadan, xüsusən də ticarət və enerji sahəsində güclü iqtisadi asılılığı var, Ermənistan hərbi və siyasi cəhətdən Moskvadan uzaqlaşır. Habelə, Ermənistan yeni aktorlar sayəsində silah alışını da şaxələndirir. İrəvan Moskva ilə münasibətlərini birdən kəsmir, KTMT-dən və AİB-dən yavaş-yavaş uzaqlaşır”.

Sona Əliyeva — Vikipediya

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, yeni dünya düzənində “postsovet hövzəsi”, “Rusiyanın arxa bağçası” anlayışları olmayacaq: “Rusiya təkcə öz nüfuzunu itirmir, Kreml Suriyadan sonra MDB çətiri altındakı ölkələrdən də sürətlə qoparılır. Moskva Cənubi Qafqazdan sonra Mərkəzi Asiyadan da uzaqlaşdırılır. Sülh Şurasına həvəslə qatılan türk ölkələrinin liderlərinin də bəyanatı bunu deməyə əsas verir. Rusiya artıq qlobal gücdən regional dövlətə çevrilir. Hətta yaxın gələcəkdə Rusiyanın daxilində də parçalanma gözlənilir. Əgər Ukraynadakı savaş iki il də uzanarsa, bu, rusların imperialist sonunu daha da yaxınlaşdıracaq. Digər tərəfdən, dünyanın aparıcı beyin mərkəzləri hesab edirlər ki, Kreml Azərbaycan və Ermənistanın "itirilməsi" ilə barışıb, amma Türküstan coğrafiyasının itirilməsini həzm edə bilməz. Çünki Orta Asiyanın enerji ehtiyatları Qərbə daşınarsa, o zaman “qaz buxovu” Rusiyanın əlindən çıxacaq. Bu isə Moskvanın bütün təhdid rıçaqlarının bloklanmasına gətirə bilər. Məhz buna görə də Kreml Sülh Şurasına yollanan türk dövlətlərinin liderlərinə təhdid və hədyanlar yağdırmaqdadır. Fikrimcə, indi TDT-yə üzv ölkələrin siyasi ictimaiyyəti Rusiyaya qarşı birləşməli, Kremlə yaxın mediaların ağız payını artıqlaması ilə verməlidirlər".

Cavanşir ABBASLI,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR