ABŞ prezidenti Donald Tramp Konqresdəki Respublikaçı Partiya üzvlərini xəbərdar edib ki, əgər bu il keçiriləcək aralıq seçkilərində qalib gəlməsələr, onu “impiçment edəcəklər”.
Musavat.com xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Tramp bu fikirləri Nümayəndələr Palatasının respublikaçı üzvləri üçün keçirilən toplantıda səsləndirib.
Toplantı bu yaxınlarda adına Trampın da əlavə edildiyi Kennedi Mərkəzində baş tutub.
“Aralıq seçkiləri udmalısınız, çünki əgər udmasaq, onlar mütləq məni impiçment etmək üçün bir səbəb tapacaqlar. Məni impiçment edəcəklər”, - prezident bildirib.
Xatırladaq ki, Tramp hələ ilk prezidentlik dövründə iki dəfə impiçmentə məruz qalıb. 2019-cu ildə o, Ukrayna prezidentinə təzyiq göstərməkdə, vəzifədən sui-istifadə və Konqresin işinə maneçilik maddələri ilə suçlanıb. İkinci impiçment isə 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə hücumdan sonra, vəzifəsini tərk etməsinə az qalmış baş tutub; qanunvericilər onu üsyana təhrik etməkdə günahlandırıblar. Tramp hər iki halda Senatda bəraət alıb.
“Məni iki dəfə heç nəyə görə impiçment etdilər”, - deyə Donald Tramp Konqres üzvləri qarşısında bu sözləri işlədib. Həmin gün 6 yanvar hadisələrinin beşinci ildönümünə təsadüf edirmiş.
Trampın iddiasına görə, respublikaçıların siyasəti Demokrat Partiyanın platformasından daha üstündür. Bununla bərabər, ABŞ prezidenti partiyasının aralıq seçkilərdə çətinliklərlə üzləşəcəyini etiraf edib.
“Deyirlər ki, prezident seçkilərini udanda aralıq seçkiləri uduzursan. Siz hamınız ağıllı insanlarsınız. Çoxunuz bu işdəsiniz, məndən daha uzun müddətdir. Bu məni sizdən ağıllı etmir, çünki baxın, mən haradayam, elə deyilmi? Yox, etmir. Amma istərdim ki, mənə izah edəsiniz: ictimai rəyin beynində nə baş verir? Çünki bizim düzgün siyasətimiz var. Onların yoxdur. Onların siyasəti dəhşətlidir. Amma onlar birlikdə qalmağı bacarırlar”, - deyə Tramp bildirib.
Tramp Nümayəndələr Palatasında respublikaçıların cüzi üstünlüyü məsələsinə də toxunub. Bu üstünlük Kaliforniyadan olan respublikaçı konqresmen Daq LaMalfanın gözlənilməz ölümü və respublikaçı Marjori Teylor Qrinin bazar ertəsi erkən şəkildə siyasətdən getməsindən sonra iki səs fərqinə düşüb. Buna baxmayaraq, prezident toplantıda iştirak edən Nümayəndələr Palatasının spikeri Mayk Consona açıq şəkildə dəstək ifadə edib.
Musavat.com






