İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “Sülh Şurası” Avropa İttifaqını niyə qorxudur: şərtli dəstəyin arxasındakı XOF

848 22.01.2026 23:47 Gündəm A A

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” beynəlxalq siyasi müstəvidə yeni müzakirə və narahatlıqlara səbəb olub.

Avropa İttifaqı bu platformaya yalnız ciddi şərtlərlə yanaşdığını açıq şəkildə bəyan edib ki, bu da qurumun Trampın yeni diplomatik mexanizmini potensial təhlükə kimi dəyərləndirdiyini göstərir.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas qurumun fövqəladə sammiti ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Sülh Şurası”nın mandatı yalnız Qəzza zolağı ilə məhdudlaşacağı təqdirdə Avropa İttifaqı bu təşəbbüsü dəstəkləyə bilər. Onun sözlərinə görə, əgər platforma daha geniş coğrafiyaları və münaqişələri əhatə edərsə, bu, Aİ üçün qəbuledilməz olacaq.

Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi kimi yaradılmış “Sülh Şurası”nın Nizamnaməsini imzalayıblar. Prezident Tramp çıxışı zamanı digər ölkələrin də bu platformaya qoşulduğunu açıqlayıb. Rəsmi məlumatlara görə, şura İsrail ilə radikal Fələstin HƏMAS hərəkatı arasında əldə olunmuş razılaşmaya əsasən Qəzza zolağının idarə olunması məqsədilə yaradılıb, lakin gələcəkdə onun digər regional və qlobal münaqişələrin qarşısının alınması və həllində də iştirak edəcəyi gözlənilir.

Məhz bu məqam Avropa İttifaqını ciddi şəkildə narahat edir. Görünən odur ki, Trampın qurduğu “Sülh Şurası” Aİ-nin illərdir formalaşdırdığı diplomatik təsir mexanizmlərinə alternativ kimi ortaya çıxır. Brüsselin şərtli açıqlaması da bunu təsdiqləyir: Aİ açıq mesaj verir ki, əgər bu platforma yalnız Qəzza ilə məhdudlaşmasa, Avropa İttifaqı prosesin bir hissəsi olmaq istəmir.

Ekspertlərin fikrincə, burada təkcə Qəzza məsələsi yox, daha geniş strateji narahatlıq var. Avropa İttifaqı ehtiyat edir ki, Trampın “Sülh Şurası” Aİ-nin beynəlxalq nüfuzunu, diplomatik imkanlarını və “vasitəçi güc” statusunu zəiflədə bilər. Xüsusilə də Avropa üçün həssas olan Qrelandiya (Grenlandiya) ətrafında yaranmış problemlər fonunda Vaşinqtonun bu cür yeni platformanı arxasına alaraq proseslərə təsir imkanlarını artırması Brüsseldə əlavə təşviş yaradır.

Bundan əlavə, Avropa İttifaqının narahatlığı daha əvvəl də açıq şəkildə dilə gətirilib. Aİ rəsmiləri hesab edir ki, Tramp “Sülh Şurası” yaratmaqla faktiki olaraq BMT-nin səlahiyyətlərini zəiflədir, onun funksiyalarını qismən mənimsəyir və qlobal idarəetmədə yeni, ABŞ-mərkəzli mexanizm formalaşdırır. Bu isə Avropa İttifaqının uzun illər dəstək verdiyi çoxtərəfli beynəlxalq sistemə ziddir.

Beləliklə, Trampın “Sülh Şurası” ətrafında yaranan polemika təkcə Qəzza ilə bağlı deyil. Bu, eyni zamanda qlobal güc balansı, beynəlxalq institutların rolu və Avropa İttifaqının dünya siyasətindəki mövqeyi ilə bağlı ciddi suallar doğurur. Prosesin necə inkişaf edəcəyi və Aİ-nin bu platformaya real olaraq qoşulub-qoşulmayacağı isə yaxın aylarda daha aydın görünəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR