Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Aselsan Polşa ilə 410 milyon ABŞ dolları dəyərində radioelektron mübarizə (REM) sistemlərinin tədarükünə dair mühüm müqavilə imzalayıb.
Musavat.com xəbər verir ki, razılaşmaya əsasən, Polşa ordusu müasir döyüş şəraitində həlledici rol oynayan yüksək texnologiyalı REM sistemləri ilə təchiz olunacaq. Bu sistemlər düşmən rabitəsinin pozulması, radar və idarəetmə şəbəkələrinin sıradan çıxarılması, eləcə də elektron üstünlüyün təmin edilməsi imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislər bildirirlər ki, sözügedən müqavilə Ankara ilə Varşava arasında müdafiə sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda bu addım Polşanın NATO çərçivəsində müdafiə potensialını gücləndirməklə yanaşı, Türkiyənin Avropa təhlükəsizlik arxitekturasında artan rolunu da açıq şəkildə ortaya qoyur.
Razılaşma Aselsan-ın beynəlxalq silah bazarında mövqeyinin möhkəmləndiyini, Türkiyə müdafiə sənayesinin isə ixrac imkanlarını sürətlə genişləndirdiyini təsdiqləyir.
Musavat.com






