İstanbulda aparılan narkotik istintaqı çərçivəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak saxlanılıb. Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində isə axtarış qərarı verilib.
Musavat.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaqın miqyası genişlənir.
İstintaq çərçivəsində müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və Mümmine Senna Yıldız adlı şəxs nəzarətə alınıb. Saxlanılması üçün evlərinə reyd təşkil edilən Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb.
Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, bu şəxslər barəsində “istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik maddə istifadə etmək” ittihamı ilə əməliyyat keçirilib.
Bundan əlavə, xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli haqqında axtarış qərarı çıxarılıb.
Eyni istintaq çərçivəsində Münevver Karabulutun qətlində təqsirli bilinən Cem Garipoğlunun əmisi oğlu və iş adamı Kasım Garipoğlu, eləcə də iş adamı Burak Ateş barəsində də dünən axşam saatlarında axtarış qərarı verildiyi bildirilib.
Jurnalist Mehmut Akif Ersoyun da həbs olunduğu istintaq dosyesi çərçivəsində narkotik testi müsbət çıxan aparıcı Ela Rümeysa Cebeci dünən “narkotik maddə istifadəsini asanlaşdırmaq” ittihamı ilə həbs edilib.
Narkotik istintaqı çərçivəsində saxlanılan sosial media fenomeni və sahibkar Sercan Yaşar isə prokurorluqdakı ifadəsindən sonra “etkin peşmanlıq” müddəalarından yararlanaraq azadlığa buraxılıb.
Könül
Musavat.com






