İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə nə oldu, Paşinyan?

9706 07.01.2026 08:10 Siyasət A A

Erməni baş nazirin Putinlə görüşdən sonra Rusiyanın adamlarına qarşı yumşalması iki mətləbdən xəbər verir - Bakıdan baxış

Ermənistanda Rusiya ilə əlaqəli ittihamlar Gümrü şəhərinin müxalifətçi meri Vardan Qukasyanın üzərindən götürülüb. Bu qərar Kremlə yaxın milyarder oliqarx Samvel Karapetyanın istintaq təcridxanasından ev dustaqlığına buraxılmasından qısa müddət sonra verilib. Bu qərarların zaman baxımından üst-üstə düşməsi xüsusi diqqət çəkir. Çünki hər iki addım ötən ilin 22 dekabrında Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra atılıb.

Görüşün rəsmi detalları açıqlanmasa da, Ermənistan hakimiyyətinin adətən “Moskvanın adamları” kimi təqdim etdiyi fiqurlarla bağlı ardıcıl simvolik addımların təsadüfi olmadığı açıq görünür. Qukasyanın Rusiya ilə mümkün ittifaq formatı barədə səsləndirdiyi fikirlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi Moskvada kəskin reaksiya doğurmuşdu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiya ilə əməkdaşlığın üstünlükləri barədə mülahizələrdə suverenlikdən imtina çağırışı görmək təəccüblüdür.

Ötən həftəsonu gözlənilmədən Ermənistanın İstintaq Komitəsi Qukasyanın Rusiya ilə əlaqəli ittihamlar üzrə bəraət aldığını açıqlayıb. Hüquq-mühafizə orqanları əvvəllər Moskvanın sərt tənqidiniə məruz qalan maddənin niyə ləğv edildiyinə dair hər hansı izahat verməyib. Gümrü merinin vəkili Armais Ayrapetyan bildirib ki, bu cinayət təqibi lap əvvəldən absurd və əsassız idi.

Paralel olaraq Samvel Karapetyanla bağlı proseslər də inkişaf edib. “Taşir” şirkətlər qrupunun sahibi olan Karapetyan dövlətə qarşı cinayətdə ittiham olunur. O, hakimiyyətin “Rusiya agenti” və “beşinci kolon”un tərkib hissəsi adlandırdığı erməni katolikosunun müdafiəsi ilə bağlı açıq çıxışından sonra həbs edilmişdi.

Dekabrın 30-da, Putinlə Paşinyanın görüşündən sonra - məhkəmə qətimkan tədbirini dəyişməyə razılaşıb və Karapetyanı ev dustaqlığına buraxıb, eyni zamanda onun siyasi bəyanatlar verməyi qadağan edib. Paşinyana yenə nə oldu? Bu, seçkiqabağı Rusiyadan aqressiyanı azaltmağa hesablanmış addımlar ola bilərmi? Eyni zamanda Moskva ilə İrəvan blokadada olan nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı birgə addımlar atmağa razılaşaraq bu siyasi məsələlərin bazarlığına getmiş ola bilərmi?

Elşad Musayev: “Rusiya və Azərbaycan arasındakı buzlar əriməyə doğru  gedəcək, arzuladığımız budur” Pravda.az

Elşad Musayev

Deputat Elşad Musayevin sözlərinə görə, Paşinyan seçkiqabağı Rusiya ilə münasibətləri sahmana salır ki, qələbəni təmin etmək ağrısız olsun. Onun fikrincə, vaxtı ilə Kreml lideri Köçəryanın azad olunmasını erməni baş nazirdən xahiş etmiş, o da yerinə yetirmişdi: “Görünür ki, MDB sammiti çərçivəsində danışıqlar zamanı Putin Rusiya vətəndaşı olan Karapetyanla bağlı da oxşar istəyini ona çatdırıb, Paşinyan da sözünü yerə salmayıb. Həmçinin Gümrünün keçmiş meri barəsində ittihamı yüngülləşdirməklə Rusiyaya bir reverans edib. Bu, razılaşma kimi görünür və Rusiyanın Paşinyanla işləməyə davam edəcəyi təəssüratı yaradır. Yəni Karapetyan seçkilərdə gözlənilən güclü kampaniyanı qurmaya bilər. Ümumiyyətlə, Paşinyan Rusiya ilə münasibətlərdə son dövrlər yaxınlaşma siyasəti yürüdür. Bu da Bakı-Moskva əlaqələrinin soyuq dövründə diqqəti cəlb edir”.

Deputat Rusiya-Ermənistan arasında ticarət dövriyyəsində hər hansı problem olmadığını, siyasi müstəvidə də artıq bəzi anlaşmalar əldə edildiyini düşünür: “Karapetyan və Gümrü meri haqda qərar qarşılığında Paşinyan Rusiyadan dəmiryolunun bərpasını xahiş edə bilər. Çünki daha əvvəl belə bir çağırış olmuşdu. Həmin yolu Rusiya bərpa etməsə, Ermənistan özü düzəltməlidir. Belə çıxır ki, son görüşdə mühüm razılaşmalar əldə olunub. Bu da öz nəticələrini seçkilərdə göstərməlidir. Baxmayaraq ki, Putin keçmiş prezidentləri yada salmamış deyil, amma Köçəryan və Sarkisyanla siyasi dəyişikliklər mümkün deyil. Karapetyan isə siyasi sövdələşmənin nəticəsi kimi ev dustaqlığı sayıyla bilər. Hər halda, Paşinyan Rusiyanın adamlarına qarşı yumşalmaqla qarşıdakı çətin dövrdə Kreml təhlükəsini xeyli azaltmış oldu”.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

 Qabil Hüseynli 

Professor Qabil Hüseynli hesab edir ki, Paşinyan Rusiyadan gözlənilən təzyiqləri neytrallaşdırmaq üçün qabaqcadan bəzi addımlar atmağa məcburiyyətində qalıb. Onun fikrincə, Rusiyanın Ermənistanda ciddi təsirləri hələ də qalmaqdadır və ondan asılılıqlar davam edir: “İlk növbədə dəmiryol xətləri Rusiyanın mülkiyyətidir. İkincisi, rus sərhədçiləri heç yerə getməyib. Elə bugünlərdə Zəngəzurda çəkiliş edən xarici jurnalisti rus hərbçilər saxlamışdı. Bu, nəzarətin olduğunua işarə idi. Eyni zamanda Rusiyanın enerji məhsullarına ehtiyac, Avrasiya İqtisadi Birliyi hesabına əldə olunan qazanc göstərir ki, Rusiyanın Ermənistanda hərbi və iqtisadi təsirləri mövcuddur. Ümuman Paşinyan KTMT məsələsi istisna, digər mövzularda Rusiya ilə siyasətini yaxınlaşdırır. Ölkədə isə seçki yaxınlaşır və belə bir ərəfədə Putinə jesti onun işini asanlaşdıra bilər. Rusiya da anlayır ki, Ermənistanda dəyişiklik üçün imkanlar qalmayıb, alternativ yoxdur və cəmiyyət Rusiyanın namizədini qəbul etməyəcək. Ona görə də Paşinyanla yola davam etməyə üstünlük verilə bilər. Çünki Paşinyan üzüyola adamdır”.
Onun sözlərinə görə, burada fürsətçilik də istisna deyil: “Qaluzin Azərbaycandan 11 Rusiya vətəndaşını azad etməsini istəyib, amma Bakı addım atmayıb. Paşinyan isə Karapetyanla bağlı xahişi yerinə yetirməklə Rusiyaya yanır. Əslində Ermənistanla yeni strateji sənəd imzalanan, orada Azərbaycanı ittiham etməyi də unutmayan Avropa İttifaqı görməlidir ki, Moskvaya Bakı, yoxsa İrəvandakı hakimiyyət nə qədər yaxındır...”

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Ermənistan nə vaxtsa Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq” söyləyib. Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil. Overçuk 2025-ci ildə ölkələr arasında ticarətin əhəmiyyətli dərəcədə azalacağını etiraf edib. Lakin bu açıqlama inandırıcı görünmür. Ermənistan sanksiyalardan yayınmaqda Rusiyaya əlahiddə dəstək olur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR