Musavat.com xəbər verir ki, Ukraynada antikorrupsiya qurumları – Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) müxalifət lideri Yuliya Timoşenko ilə bağlı səs yazılarını ictimailəşdirib. Qurumların iddiasına görə, yayılan materiallarda Ali Radadakı bəzi deputatların “yenidən ələ alınması” və ya “paket maliyyələşdirilməsi” – yəni parlamentdə “düzgün” səsvermə qarşılığında pul ödənişlərindən söhbət gedir.
Bununla yanaşı, sosial şəbəkələrdə Yuliya Timoşenkonun ofisi olduğu ehtimal edilən məkanda aparılan axtarışlara dair video görüntülər də “sızdırılıb”. Videolar Ukrayna ictimaiyyətində geniş rezonans doğurub və siyasi gərginliyi daha da artırıb.
“Batkivşçina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ittihamları qəti şəkildə rədd edib. O bildirib ki, axtarışlar məhkəmə sanksiyası olmadan aparılıb və bu baxımdan qanunsuzdur. Timoşenkonun sözlərinə görə, baş verənlər siyasi sifariş xarakteri daşıyır və müxalifətə təzyiq məqsədi güdür.
Müşahidəçilər qeyd edirlər ki, yaranmış vəziyyət Ukraynada parlament böhranına səbəb ola bilər. Belə bir ssenari reallaşarsa, Ali Radada səsvermələrin gedişi, xüsusilə də hərbi vəziyyətin uzadılması və digər strateji əhəmiyyətli qərarların qəbulu sual altına düşə bilər.
Yenilənmiş məlumat: Gərginliyə baxmayaraq, Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini daha 90 gün uzadaraq 4 may tarixinədək qüvvədə saxlayıb. Beləliklə, deputatlar bu mərhələdə siyasi qarşıdurmanı kənara qoyaraq, ən azı təhlükəsizlik məsələsində ortaq mövqe nümayiş etdiriblər.
Musavat.com yayılan video görüntüləri Ukrayna mediasına istinadla təqdim edir.
Musavat.com






