İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəka sıralamasında YERİMİZ - Ermənistanı bizdən önə qoyan kimdir?

829 04.02.2026 18:08 Maraqlı A A

2026-cı il üzrə ölkələr arasında İQ - zəka əmsalı açıqlanıb.

Musavat.com xəbər verir ki, özünü “Beynəlxalq İQ Test” kimi təqdim edən platformanın yaydığı siyahı sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olub.

137 ölkənin yer aldığı reytinqdə Cənubi Koreya, Çin və Yaponiya ilk üçlüyü bölüşür. İlk onluqda İran, Avstraliya, Rusiya, Sinqapur, Monqolustan, Yeni Zelandiya və Vyetnam yer alır.

Azərbaycan bu siyahıda 57-ci, Gürcüstan 21-ci, Ermənistan 26-cı, Türkiyə isə 69-cu pillədə qərarlaşıb. Rəqəmlər ilk baxışdan sensasiyalı görünür: necə olur ki, Azərbaycan və Türkiyə Ermənistan və Gürcüstandan “geri”, Rusiya isə dünyanın ən ağıllı ölkələri sırasında göstərilir? Bu reytinq nəyi ölçür və ona etibar etmək mümkündürmü?

Mütəxəssislər deyirlər ki, problem rəqəmlərdə yox, ölçmə metodundadır.

“Beynəlxalq İQ Test”, “World IQ Ranking”, “National IQ” kimi platformalar adətən klassik elmi mexanizmlərə deyil, əsasən onlayn test nəticələrinə söykənir. Yəni kim istəsə, haradan istəsə, hansı dil səviyyəsində istəsə test verir. Burada nə yaş bölgüsü var, nə sosial təbəqə balansı, nə də milli reprezentativlik. Nəticədə minlərlə insanı təmsil etməyən dar bir qrupun ortalama göstəricisi “milli zəka” kimi təqdim olunur.

Üstəlik, bu testlər İQ-nu ölçmək iddiasında olsa da, əslində təhsil vərdişlərini, test mədəniyyətini və dil bacarığını ölçür. İQ testlərinin əksəriyyəti Qərb psixometrik modelinə əsaslanır, suallar əsasən ingilis və rus dilində qurulur. Dil baryeri, terminologiya, məntiq strukturu bu testlərin nəticələrinə ciddi təsir göstərir. Bu isə qeyri-ingilisdilli və qeyri-Qərb təhsil modelindən gələn cəmiyyətlər üçün avtomatik dezavantaj yaradır.

Məsələn, Ermənistan və Gürcüstanda bu tip testlərdə iştirak edənlərin əsas hissəsi şəhərli, ali təhsilli, xaricdə yaşayan və ya Qərb təhsil sisteminə inteqrasiya olunmuş şəxslərdir.

Azərbaycanda və Türkiyədə isə testlərə daha geniş, nəzarətsiz və müxtəlif sosial təbəqələrdən olan insanlar qoşulur. Nəticə etibarilə orta göstərici aşağı düşür. Bu, zəka fərqi yox, statistik seçmə fərqidir. Rusiya məsələsi isə ayrıca diqqət çəkir. Sovet təhsil modeli onilliklər boyu riyazi məntiq, texniki düşüncə və analitik bacarıqlar üzərində qurulub. İQ testləri də məhz bu bacarıqları ölçür. Üstəlik, Rusiyada bu tip testlərdə əsasən STEM sahələrində çalışan, ali təhsilli insanlar iştirak edir. Yəni Rusiya cəmiyyətinin bütöv mənzərəsi yox, testə uyğun bir seqment təqdim olunur. Bu səbəbdən Rusiya ilk onluqda görünür, amma bu, ölkənin institusional, sosial və ya innovativ üstünlüyü demək deyil.

Ən vacib məqam isə budur: elmi ictimaiyyət milli İQ anlayışını qəbul etmir. Harvard, Oxford, MIT kimi universitetlər və psixometriya üzrə aparıcı akademik jurnallar bu tip ölkə reytinqlərini metodoloji baxımdan problemli hesab edir. Çünki İQ fərdi göstəricidir, milli xüsusiyyət deyil. Bir cəmiyyətin intellektual potensialı isə yalnız testlə deyil, elmi istehsal, texnoloji innovasiya, iqtisadi məhsuldarlıq, idarəetmə keyfiyyəti və sosial institutların effektivliyi ilə ölçülür.

Əgər bu “İQ reytinqləri” gerçək mənzərəni əks etdirsəydi, dünya texnologiyasına, elmə və innovasiyaya kimlərin liderlik etdiyi də eyni siyahı ilə üst-üstə düşərdi. Düşmür.

Beləliklə, Azərbaycan və Türkiyənin Ermənistan və Gürcüstandan “geri qalması” zəkanın yox, ölçmənin problemidir. Bu cür siyahılar elmi diaqnoz yox, media üçün hazırlanmış statistik illüziyadır. Əsl sual isə başqadır: biz mövcud intellektual potensialımızdan necə istifadə edirik və təhsil sistemini real bacarıqlar üzərində necə qururuq?

Zəka sıralaması deyil, zəkanın dəyərə çevrilməsi həlledici məsələdir...

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR