ABŞ mümkün sülh danışıqları çərçivəsində Ukrayna, Rusiya, Amerika və Avropa nümayəndələrinin iştirakı ilə görüş formatı təklif edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliyanın baş naziri Luis Monteneqru ilə Kiyevdə media nümayəndələri qarşısında birgə çıxışı zamanı bildirib.
Musavat.com xəbər verir ki, məlumatı "RBC-Ukrayna" yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ əvvəlcə Rusiya nümayəndələri ilə ayrıca görüş keçirməyi planlaşdırır və bundan sonra belə bir formatı təklif edib:
“Həqiqətən də, ABŞ Rusiya nümayəndələri ilə ayrıca görüş keçirəcəyini bildirib. Onlar aşağıdakı formatı təklif ediblər: Ukrayna, Amerika, Rusiya və bəlkə də Avropa nümayəndələri”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, bu cür görüş yalnız Ukrayna ilə ABŞ arasında artıq baş tutmuş danışıqların nəticələri təhlil edildikdən sonra mümkün ola bilər.
“Artıq keçirilmiş görüşün (Amerika ilə Ukrayna arasında danışıqların) potensial nəticələrini anladıqdan sonra belə bir birgə görüş keçirmək məntiqli olardı”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi dialoqun birinci mərhələsinin yekunları barədə ətraflı məlumat almalı, bundan sonra növbəti addımlarla bağlı qərar veriləcək.
“Komandamız mənimlə əlaqə saxlayacaq, dialoqun birinci raundunun nəticələrini çatdıracaq və bundan sonra davamı ilə bağlı qərar verəcəyik”, - deyə prezident əlavə edib.
Zelenski həmçinin ABŞ-ın Rusiya ilə məsləhətləşmələrdən sonra tutacağı mövqeyi gözlədiyini bildirib:
“Amerikanın ruslarla məsləhətləşmələrdən sonra necə reaksiya verəcəyini hələlik dəqiq bilmirəm, amma bu gün bunu öyrənəcəyəm”, - deyə o qeyd edib.
İqbal RZAYEV,
Musavat.com






