İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlavə dəllək vergisi

1325 01.01.2026 22:11 Yazarlar A A

İlin son günü Tarif Şurasının bəzi qiymətləri artırmağı xalqımız üçün yenilik kimi qiymətləndirilməlidir. Axı biz artımlarla adətən yeni il girəndən sonra üzləşirdik. Nəticədə gərginlik yaranırdı. İndiki halda isə hökumət sanki xalqa “keçənə güzəşt deyərlər” mesajı verdi. “Nə edə bilərik, hamısı 2025-in zibilləri idi, tonqal qalayıb üstündən tullandıq, “ağırlığımız odda yansın” söyləmiş kimi olduq.

Ümid yaranır ki, ta bu il qiymət qalxmaz. Ən azı yaxın aylarda. Sonrası Allah kərimdir. Yaz gələcək, üçyarpaq bitəcək.

Elektrik və qazın illik ümumi dəyərinə 24 manat artıma “sabit tarif” adı qoyulması da maraqlı yenilikdir. Bir növ, “sabitlik şəraitində yaşadığınız üçün vergisini verin” mesajıdır. Camaat bunu başa düşür. Üzdə özümüzü üsyankar kimi göstərsək belə. Ümumiyyətlə, bu tip işlərdə bəzilərinin qeyri-səmimiliyini anlamıram. Məsələn, hamısı manıs görəndə az qalır ayağına döşənsin, ancaq icra başçısı xalq artistini qəbul edib deyə saxta hay-küy qoparmışdılar. Guya sayın artist ora idman paltarında gəlibmiş. Lüt gəzir, mız qoyurlar, idmançı kimi geyinir, yenə burunlayırlar. Sizin yanınızda ala qarğa bala çıxarmaz.

Başqa yöndən, hamı ancaq dizel-mizelə 5-10 qəpik artım gələndə onu görür, lakin başqa mühüm iqtisadi islahatları görməzdən gəlirlər. Örnək üçün, kirayə evlərin vergisi 14 faizdən 10 faizə salınıb! Nə üçün bu cür cahanşümul azalma diqqətdən yayınır? Bu azalma aşağı-yuxarı hamımızı əhatə edir, axı həmişə deyirik ki, kommunal ödənişlər yüksəkdir, şəxsi evimizdə kirayədəki kimi yaşayırıq.

Yaxud, Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcəkdir! Hər birimizi narahat edən məsələlərdən biri idi. Mən özüm dəfələrlə şahid olmuşam, “20 yanvar” metrosunun üstündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən avtobusları gözləyən sərnişinlər nigarançılıqla bir-birindən soruşurdular: “Görəsən ölkəmizdə yığılan elektrikli avtobuslar hələ ƏDV-dən azad olunmadımı?” Sürücülər də həmişə deyirdilər ki, sıxlaşın, ƏDV ödəyirik.

O cümlədən, ƏDV mövzusu açılmışkən, sevindirici haldır ki, bu ildən saçımızı dəlləyə qırxdıranda, yaxud, gözəllik salonunda dırnağımıza lak qoyulanda ƏDV geri almaq mümkün olacaqdır. Dəlləklər lap istəyir özünü ülgücləsin, bizə nə? ƏDV-mizi versinlər. Dövlətin qanunu hər şeydən üstündür.

Uzun zaman idi qadınların pensiya yaşını hər il 6 ay artırırdıq, nəhayət bu il kişi-qadın pensiya yaşı bərabərləşdi, 65 oldu. Ölkəmizdə gender bərabərliyinin sübutu, bariz nümunəsidir. “65” adında fantastik film də var, baş rolda Adam Drayver oynayır. Çox istedadsız filmdir, baxmayın.

Builki müsbət yeniliklər sırasında bankların iflas proseduru zamanı aktivlərin təqdimatının ƏDV-dən azad edilməsi, yaşayış minimumu və ehtiyac meyarının 300 manat müəyyən edilməsi də önəmli yerləri tutur. Lakin mən bunların nə demək olduğunu heç özüm də başa düşmürəm, sizə necə izah eləyim?

Məsəl üçün, “300 manat yaşayış minimumu” deyəndə sanki belə çıxır bizdə minimum 300 manata 1 ay yaşamaq olar. Halbuki, iki dənə sünnət toyuna çağırsalar bundan arxaya 2 manat qalmır. Bu “minimum maaş”, “ehtiyac zənbili”-zad kimi söhbətlər inkişaf etməkdə olan Afrika ölkələrinə lazımdır. Bizdə, maşallah, namxuda, hərəmizin şəxsi limanımız, məscidimiz, bazarımız...

Hələ hardasa bir uydurma məlumat yazılmışdı, guya planetdə Yeni ilə girən ilk ölkə Sakit okeandakı Kiribati adası olub. Aha. Siz yazın, biz də inandıq. Biz Tarif Şurasının qərarıyla artıq 30 dekabrdan Yeni ilə, yeni dövrana girmişik.

Maraqlansan, Kiribatidə heç dəlləklərdən ƏDV alınmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR