Bakıda mühakimə olunan Livandan gəlmiş cani əfv oluna bilərmi?
Bakıda saxlanılan erməni məhbus Vigen Eulcekçyanın arvadı Linda Eulcekçyan Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya ərinin əfvi üçün müraciət edib. Məktub Eulcekçyan ailəsini təmsil edən vəkil Lusiana Minasyanın sosial media səhifəsində yerləşdirilib.
Məktubda deyilir: “Mən beş ildən çoxdur ki, Azərbaycanda həbsdə olan Vigen Eulcekçyanın həyat yoldaşıyam. Bu bir siyasi bəyanat deyil, mən sizə bir qadını qadına müraciətilə səslənir, sizin şəfqətinizə ümid bəsləyirəm. Vigenin yoxluğu ailədə ağrılı bir boşluq yaradıb. Anası həbsdə olarkən vəfat edib və onun dəfn mərasimində iştirak etməsi mümkün olmayıb”.
Məktubda həmçinin qeyd olunub ki, Lindanın anasına ölümcül xərçəng diaqnozu qoyulub və Vigen ailəsindən uzaqdadır və bu müddət ərzində onlarla birlikdə ola bilməz. Müraciət müəllifləri hesab edirlər ki, Vigenin azadlığa buraxılması Azərbaycan tərəfindən mühüm bir siqnal olardı: “Sisin şəfqətiniz evimə sülh gətirməklə yanaşı, dünyaya belə bir mesaj olardı: Azərbaycan təkcə güclü deyil, həm də mərhəmətlidir”.
Xatırladaq ki, 5 il öncə Şuşa yaxınlığında saxlanılan Livan ermənisi Vigen Eulcekçyan terrorçuluq ittihamı ilə 20 il müddətində azadlıqdan məhrum edilib.
Bakıdan bu kimi xahişə hər hansı reaksiya olmalıdırmı? Eulcekçyanın əfvi və ya cəzasının yumşaldılması mümkünmü? Gözlənilən amnistiya aktı ona da hər hansı şəkildə şamil ola bilərmi?

Çingiz Qənizadə
Hüquqşünas Çingiz Qənizadənin sözlərinə görə, amnistiya aktı layihəsi ilə tanışlıqdan belə məlum olur ki, xüsusilə ağır cinayətlər törədən şəxslərə şamil olunmayacaq: “Bu baxımdan nəinki Vigen, terrorçuluqda, müharibənin hazırlanmasında, başlamasında iştirak edən, separatçılıqla məşğul olan, eləcə də hazırda istintaqları gedən şəxslər amnistiya aktına düşməyəcəklər. Bu qadına sual vermək lazımdır ki, sənin Livandan olan erməni ərin Azərbaycanın gözəl guşələrindən biri olan Şuşada nə gəzirdi? Nə üçün terrorçuluq fəaliyyəti ilə məşğul olurdu? Belə bir müraciəti zamanında ərinə etməli idin ki, özgəsinin torpağında savaşmaq faciə ilə nəticələnəcək. İndi erməni hiyləgərliyinə əl atır”.
Ç.Qənizadənin fikrincə, çətinə düşəndə ermənilər bu cür hiylələrə əl atır: “Hətta daha ağır misallar çəkə bilərdim ki, ermənilər məqsədlərinə çatmaq üçün kimlərini qurban verməyə, kimlərini kiminsə qapısına göndərməyə hazır olan xalq kimi daim tarixdə qeyd olunublar. Həmin erməninin 5 ilə yaxın cəza çəkməsinə, 20 il həbs cəzası verilməsinə gəlincə, unutmayaq ki, Prezidentin konstitusion hüququ var. Kimisə əfv etmək ölkə başçısının səlahiyyətindədir. Mehriban xanım Birinci vitse-prezidentimizdir və hamımızın böyük sevgi və ehtiramımız var. Amma qanunda yazılır ki, prezident əfv edə bilər. Bu, prezidentə verilən bir hüquqdur. İndi bir qadın kimi Birinci vitse-prezidentimizə müraciət edir. Mehriban xanım olduqca humanist bir insandır, liderdir. Onun üçün də həmin həssas nöqtəyə toxunmağa çalışırlar. Onların humanizm prinsiplərindən istifadə edərək, özlərinin arzularına çatmaq istəyirlər. Amma Birinci vitse-prezident prezidentlə danışa bilər. Ondan sonra məsələyə münasibət bildirilməsi mümkündür”.
Hüquq müdafiəçisi yada salıb ki, bundan əvvəl də Livan ermənisi azad edilmişdi, amma ölkəsinə qayıdanda Azərbaycana böhtanlar yağdırdı: “İndi bu erməninin də əməllərinin nəticəsi nə olub, terrorçuluq niyyəti ilə törətdiyi cinayətlərin qurbanları varmı, həmin qurbanları sayı çoxdurmu, yaxud azdırmı - bunlar təhlil olunub prezidentə təqdim ediləndən sonra baxıla bilər. Amma görünən odur ki, prezident xalqa qarşı bu cür cinayətlər törədən şəxslərə, eləcə də xarici dairələrin tapşırıqları ilə içərimizdə terrorçuluq fəaliyyəti həyata keçirən şəxslərə humanizm göstərməyəcək. Bu baxımdan yaxın vaxtlarda sözügedən şəxslə bağlı müsbət qərar gözlənilmir. Amma bu, mənim fikrimdir, son söz prezidentindir”.

Mirvari Qəhrəmanlı
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da bu hərbi cinayətkarların azadlığa buraxılmasının əleyhinədir: “Həmin şəxs məhkəmə qərarı ilə terrorçu kimi tanınıb. Ortada məhkəmənin qərarı var. Əgər o, terrorçudursa, bu iş çətindir. O, kiçik bir cinayət törədib həbs olunsaydı, bir yolunu tapmaq olardı. Amma o şəxs terrorçu kimi Qarabağa gəlib, onun üçün də düşünürəm ki, amnistiya və ya əfvə düşə bilməz. Ona görə ki, terrorçu heç vaxt bağışlana bilməz. Terrorçunun milliyyəti olmur. Belə şəxslərin etdikləri hərəkətlər insan qırğınlarına səbəb olur. Hesab edirəm ki, bu adama güzəşt edilməməlidir. O, erməni olduğu üçün deyil, sadəcə terrorçu olduğuna görə azadlığa buraxıla bilməz”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






