Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Görüş danışıqlar başlamazdan əvvəl mətbuat üçün açıq bəyanatlar olmadan baş tutub.
Musavat.com xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, iki lider arasında danışıqlar ümumilikdə 40 dəqiqə davam edib.
Görüşdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamalar verib. Onun sözlərinə görə, Putin və Ərdoğan Avropa İttifaqının Rusiyaya məxsus aktivlərlə bağlı planlarını müzakirə ediblər. Peskov bildirib ki, görüşdə Aİ-nin bu istiqamətdə atmaq istədiyi addımlar “iri miqyaslı fırıldaqçılıq” kimi qiymətləndirilib.
Məlumata əsasən, liderlər danışıqları dar tərkibdə, yəni nümayəndə heyətləri olmadan davam etdiriblər.
Dmitri Peskovun səsləndirdiyi digər məqamlar da diqqət çəkib:
• Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfər üçün dəvəti var, eyni zamanda Vladimir Putin də Türkiyəyə dəvət olunub;
• Görüş zamanı qeyd edilib ki, Rusiya–Türkiyə münasibətləri bütün əsas sahələr üzrə inkişaf edir;
• İki ölkə arasında ciddi və həllolunmaz problemlərin olmadığı vurğulanıb.
Görüşün detalları və müzakirə olunan mövzularla bağlı əlavə məlumat açıqlanmayıb.
Musavat.com






