İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Abramoviçi hədələdi: "Çelsi"nin 2.5 milyardını Ukraynaya köçür, ya da məhkəmə - ŞOK ULTİMATUM

612 19.12.2025 09:08 Dünya A A

Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçə məxsus və “Çelsi” futbol klubunun satışından əldə edilən 2,5 milyard funt sterlinqin Ukraynaya humanitar yardım üçün köçürülməsi ilə bağlı həlledici addım atıb.

Musavat.com xəbər verir ki, rəsmi London Abramoviçə son şans verdiyini açıqlayıb və əks halda məhkəmə prosesinə başlanacağını bəyan edib.

Böyük Britaniyanın Xəzinədarlıq Nazirliyi (HM Treasury) 17 dekabr 2025-ci il tarixində yaydığı açıqlamada bildirib ki, bu gün xüsusi lisenziya verilib və həmin lisenziya “Çelsi”nin satışından əldə olunmuş 2,5 milyard funtdan artıq vəsaitin Ukrayna xalqının xeyrinə istifadə olunmasına imkan yaradır.

Xatırladaq ki, sözügedən vəsait 2022-ci ildə “Çelsi” klubunun satılmasından sonra Böyük Britaniya banklarından birində dondurulub. Həmin vaxt London hökuməti Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri və Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi işğalı olub.

Böyük Britaniyanın baş naziri Kir Starmer məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək bildirib ki, artıq vaxt udmaq dövrü bitib:

“Bugünkü lisenziya ilə oyun bitdi. Roman Abramoviç ‘Çelsi’ni satarkən verdiyi öhdəliyi yerinə yetirməli və 2,5 milyard funtu Ukrayna üçün humanitar məqsədlərə köçürməlidir. Əgər bunu könüllü etməsə, hökumət məhkəmə yolu ilə bu vəsaitin Ukrayna xalqına çatdırılmasını təmin edəcək”.

Böyük Britaniyanın xəzinədarlıq kansleri Reyçel Rivz isə deyib ki, Ukrayna xalqı üçün nəzərdə tutulan bu qədər böyük vəsaitin illərlə dondurulmuş vəziyyətdə qalması qəbuledilməzdir:

“Artıq vaxtdır ki, Roman Abramoviç düzgün addım atsın və bu pulları Ukrayna xalqına versin. Əgər o hərəkətə keçməsə, biz bütün hüquqi imkanlardan istifadə edəcəyik”.

Xarici işlər naziri İvett Kuper də açıqlamasında qeyd edib ki, bu pullar Ukraynaya üç ildən artıqdır vəd edilib və hökumət artıq səbrini itirib:

“Məhz buna görə lisenziya verilib. İndi bu vəsaitlər Putinin qeyri-qanuni müharibəsindən zərər çəkmiş insanların həyatının bərpası üçün istifadə olunmalıdır”.

Rəsmi məlumata görə, Böyük Britaniya hökuməti Abramoviçin könüllü köçürmə ilə bağlı istənilən təklifini nəzərdən keçirməyə hazırdır. Lakin lisenziyanın şərtlərinə əsasən, vəsait yalnız Ukraynada humanitar məqsədlər üçün istifadə edilə bilər. Gələcəkdə yaradılacaq fondun mümkün gəlirləri isə daha geniş şəkildə – dünyanın müxtəlif bölgələrində münaqişə qurbanlarına yardım üçün xərclənə bilər. Heç bir halda bu vəsait Abramoviçə və ya sanksiya altında olan digər şəxslərə fayda verə bilməz.

Əgər Roman Abramoviç yaxın müddətdə vəsaitin köçürülməsi ilə bağlı addım atmasa, Böyük Britaniya hökuməti 2022-ci ildə əldə olunmuş razılaşmanın məcburi icrası üçün məhkəməyə müraciət etməyə hazırdır.

Qeyd edək ki, BMT-nin qiymətləndirməsinə görə, hazırda Ukraynada 12,7 milyon nəfər humanitar yardıma ehtiyac duyur. 2025-ci il üçün BMT və tərəfdaş qurumlar müharibədən zərər çəkmiş 8,2 milyon insan üçün 3,32 milyard dollar məbləğində yardım çağırışı edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR