Xəbər verildiyi kimi, İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev iranlı naziri və nümayəndə heyətini qəbul edib.
Xanım Sadeqi Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 17-ci iclasında iştirak edəcək.
İranın Azərbaycandakı səfirliyinin yaydığı xəbərdə deyilir ki, səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, eləcə də birgə iqtisadi layihələrin, ilk növbədə nəqliyyat, energetika, ticarət və mədəni əməkdaşlıq sahələrində icrasının sürətləndirilməsi daxildir.
Qeyd edək ki, Fərzanə Sadeqi Azərbaycana bundan öncə də səfərə gəlib və ölkəmizə qarşı isti münasibət bəslədiyini çıxışlarında və addımlarında açıq ifadə edir. Xanım nazirin Azərbaycanla yaxınlığı və islahatçı mövqeyi İranın mühafizəkar dairələrində ona qarşı antipatiya yaradıb. Mühafizəkarlara bağlı İran mediasında Sadeqiyə qarşı hücumlar təşkil edilir.
Musavat.com xəbər verir ki, Fərzanə Sadeqi hazırda İran hökumətində yeganə qadın nazirdir.
2024-cü ildə bu vəzifəyə təyin olunan Fərzanə Sadeqi 1979-cu il islam inqilabından indiyə qədər keçən müddətdə nazir postunu tutan ikinci qadındır. İlk qadın nazir Mərziye Vahid-Dastjerdi olub.
O, 2009-cu ildən 2012-ci ilə qədər səhiyyə və tibb təhsili naziri vəzifəsində işləyib.

Fərzanə Sadeqi 12 sentyabr 1976-cı ildə Həmədan şəhərində doğulub. Ali təhsilini Tehran Universiteti, memarlıq fakültəsində alıb və burada memarlıq üzrə magistr dərəcəsi əldə edib. Daha sonra İslami Azad Universitetində urban planlaşdırma (şəhərsalma) üzrə doktoranturanı bitirib. Memarlıq və şəhər planlaşdırma sahəsində güclü akademik bazaya malikdir və bu sahədə ixtisaslaşmışdır. Fərzanə Sadeqinin karyerası əsasən dövlət strukturlarında memarlıq və şəhərsalma üzrə yüksək vəzifələrdə keçib.
O, uzun illər İran Yollar və Şəhərsalma Nazirliyində çalışıb və bu sahədə müxtəlif idarəçilik vəzifələrini icra edib. 2017-ci ildə Nazirlikdə memarlıq və şəhərplanlaşdırma üzrə müavin təyin olunub. Daha sonra İranın Şəhərsalma və Memarlıq Ali Şurasının katibi vəzifələrində çalışaraq ölkənin şəhərplanlaşdırma siyasətində rol alıb.
21 avqust 2024-də İran parlamenti Fərzanə Sadeqini Yollar və Şəhərsalma naziri vəzifəsinə təsdiqləyib. Təqdimat prezident Məsud Pezeşkian tərəfindən verilib. Bir çox müşahidəçilər bu addımı 2022-ci ildə başlayan “Qadın, həyat, azadlıq” hərəkatının qadınların siyasi iştirakını artırması ilə əlaqələndirir.
Etibar Seyidağa,
Musavat.com






