“Solovyov tipli şəxslər təkcə Kremlin təbliğat maşını deyillər, həm də Rusiyanınn atacağı addımların xəbərçisi kimi rola sahibdirlər. Onun fikirlərinə Rusiya imperaial maraqlarının ifadəsi kimi baxmaq lazımdır”.
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bunu rusiyalı aparıcı və şərhçi Vladimir Solovyovun son günlər yenidən Cənubi Qafqazı və Mərkəzi Asiya respublikalarını təhdid etməsi ilə bağlı Musavat.com-a açıqlamasında bildirib.
Rusiyalı aparıcının təhdidlərini ciddiyə almağı zəruri sayan ekspert deyib ki, Rusiyan həm cənub cinahında, həm də Türküstan coğrafiyasında təsir imkanlarını itirməmək üçün hərbi müdaxilələdən belə çəkinməyəcəyini Solovyovun dilindən ifadə edib:
“Rusiya son illərdə Ermənistanı əldən verməmək üçün tədbirlər görüb. Bəzi hallarda Paşinyan hakimiyyəti onun maraqlarına uyğun olduğundan hakimiyyət dəyişikliyinə getməyib”.
Q.Çaxmaqlı bu təhdidin İranda baş verən gərginliklər fonunda səslənməsini də təsadüfi hesab etmir:
“İranda baş verənlərdən kənarda qalmamaq üçün indi Ermənistanın önəmi artdığından Rusiyanın bu ölkədə aktivləşəcəyi şübhəsizdir. Onun İrandakı proseslərdən kənarda qalmaması üçün Ermənistana siyasi və hərbi mənada nəzarət etməsi düşüncəsinə gəlinib”.
Ermənişünas alim Ermənistan daxilindəki proseslərə də diqqət çəkib:
“Təsadüfi deyil ki, Paşinyana alternativ kimi göndərdiyi iş adamı Samvel Karapetyanı həbs edərək qəhrəmana çevirdilər və onun adına partiya qurdular, bütün rusiyameylli qüvvələri onun ətrafında birləşdirdilər. Köçəryan son müsahibələrindən birində deyir ki, fərqi yoxdur, hakimiyyətdə o olsun, yoxsa başqa birisi... Yetər ki, siyasət Rusiya məxrəcli olsun. Seçkilərdə müxalifət Paşinyanı artıq həbsdən azad olunmuş Samvel Karapetyanla sınağa çəkəcək. Amma Paşinyanı devirmək o qədər də asan məsələ deyil. Rusiya buna nail olmasa da, mövcud hakimiyyəti öz maraqlaraına tabe etməklə bağlı tədbirlər görəcək”. Q.Çaxmaqlı hesab etmir ki, Kreml Ermənistandakı dayaqlarını itirib: “Əslində Rusiya Paşinyanın dövründə Ermənistandakı rıçaqlarını əldən verməyib. Gümrüdəki hərbi baza qalır, Ermənistanın sərhədlərində Rusiya hərbi qüvvələri xidmət keçir, Ermənistan Avrasiya İqtisadi Birliyinin, KTMT-nin üzvüdür. Başqa sözlə, Rusiya Ermənistandadır”. Ancaq ekspert qeyd edib ki, Solovyovun dediyi kimi, Rusiyanın Ermənistana girmək məqamı da yetişə bilər: “Rusiya İrana yaxın olmaq istəyir. Belə olduğu halda Azərbaycan üçün də təhlükə yarana bilər. Solovyov Azərbaycanın adını çəkməsə belə, hədəf Rusiyanın cənub cinahıdırsa, deməli, narahat olmaq üçün əsaslar var”.
E.Paşasoy,
Musavat.com






